Həmişə gələcəkdə ailə həyatı qurmaq üçün qarşıda duran prosedurlar haqqında düşünəndə əzab çəkirdim. Azərbaycan yeyib-içmək məclisi ilə heç vaxt aram yaxşı olmayıb. Məni tanıyanlar bilir bunu. Bir dəfə az qala hətta ürəyim getsin. Məclis də məni bəyənmir əslində, çünki mənfi enerji saçıram, camaatın əhvalın alt-üst eləyirəm və s. Hansısa qüvvə bunu bilir və mənə köməklik edir.
Mənim sevgim çox "əxlaqsız" bir şəkildə baş tutub. Bilirəm indi mənə lənət oxuyacasız. Biz internet (facebook) üzərindən tanış olaraq bir-birimizə vurulmuşuq. Ümummilli-mənəvi dəyərlərimizi təhqir etmişik.
Hələ bütün bunlar bir tərəfə, azğınlaşmış mən daha da İrəli getmişəm. Siz heç internet üzərindən nişan eşitmisiz? Bu sualı facebookdakı dostlarıma vermişəm əslində. Ancaq demək olar ki, heç kim məni başa düşməyib. Mənə elə gəlir ki, internet üzərindən nişanlanan ilk adam mənəm (məclisdə canlı iştirak etməkdən yaxa qurtarmışam). Bunu bir dostum "nişanın elektron versiyası" adlandırmışdı.
Hər nəsə, mənim bu "əxlaqsızlığım" yaxınlarım tərəfindən gizlədilir təbii ki. Guya ki, əslində biz "əxlaq" normalarına uyğun bir şəkildə tanış olmuşuq. Tanışlığın, nişanın, toyun və evliliyin Ümummilli versiyasını hamınız bilirsiz təbii ki. Valideynlərin sənə kimisə "məsləhət" görür və sən evləndiyin şəxsi sadəcə toy gecəsi görə bilirsən. Bu ən "pak" və Ümummilli versiyadır. Xəcalət çəkirəm.
No comments:
Post a Comment