Showing posts with label tv. Show all posts
Showing posts with label tv. Show all posts

Tuesday, 3 September 2013

Azərbaycanda futbol şərhçisi

Mən əminəm ki, bizim məmləkətdə səriştəli, düşüncəli və peşəkar futbol şərhçiliyi edə biləcək insanlar var. Mütləq var. Ancaq niyəsə, elə bil bütün ölkəni gəzib, bu işi bacarmayan bir neçə nəfər tapıblar və həvalə ediblər onlara. Otuzdurublar studiyalarda, kabinələrdə ki, buyurun futbol izləyicilərinin, tamaşaçıların əsəbləri ilə oynayın, yersiz, şit, əlaqəsiz, savadsız şərhlərinizlə. Səs tonları da insanda futbol qarşılaşmalarına olan marağı öldürür. Üstəlik ədəbi dili bir kənara qoyub, ləhcə ilə, şivə ilə də danışırlar.
Bir də, Azərbaycanın əksər televiziya icmalçıları, aparıcıları kimi yalanları təkrarlamaq məcburiyyətlərinin əzabını çəkirlər sanki. Çox maraqlıdı.

Sunday, 24 April 2011

Düşmən dəyirmanına su tökmə

Haqqını istəyən, demokratik idarəetmə tələb edən, basqılardan azad olum rahat yaşamaq istəyən, etiraz edən vətəndaş demək ki, ölkəsinin düşmənlərinə kömək edir, onların "dəyirmanına su tökür"müş. Dünyada analoqu olmayan bu yanaşma Azərbaycanda totalitar rejim tərəfindən səsləndirilir. Yəni vətəndaşlarını əzən rejim deyil, əzilən insanlar "düşmən dəyirmanına su tökür". Ona görə də əzilməmək lazımdır.

Saturday, 27 March 2010

Sabitlik

Sabitliyi təsvir etmək istəsəm ancaq bu cür edə bilərəm. Sabitlik təhlükəlidir. Bir növ xəstəlikdir. Hərəkət, eniş-qalxış, canlanma, tənqid, müzakirə, kədər və sevinc, həyəcan, mübarizə olmayan və alternativsiz bir yerdə ümid də ölür, maraq da.
Təsəvvür edin yaşadığın ölkədə çox ciddi hadisələr baş verir, lakin TV də sənə turşumuş nağıllar danışırlar, iyrənc təriflər. Vətəndaşın yaşadığı öıkədə baş verən mühüm hadisələrdən xəbərdar olmaq haqqı var. Bir ölkənin ki milli televiziya kanallarının əsas xəbər buraxılışında gələn ilk xəbər əyalətdə olimpiya mərkəzinin açılışı, hansısa kənddə məktəb binasının təmiri və ya izləyici üçün olduqca əhəmiyyətsiz rəsmi görüşlərdirsə, onda "səhərə kimi facebookda oturub, sonra günortaya kimi yatmaq" daha düzgün seçimdir.
Nə yaxşı ki xaric və onun televiziya kanalları var. 2000-ci ildə Bakıda baş vermiş zəlzələ haqqında ilk dəfə xarici telekanallar xəbər vermişdi. Və ya mərhum prezident Heydər Əliyevin ölüm xəbərini yenə də ilk dəfə xarici telekanallardan eşitdik. İki gənc fəal və bloqçu biyabırçı şəkildə şərlənərək həbs edildi (döyülərək), bu hadisə çox ciddi reaksiyaya səbəb oldu, az qala dünyanın bütün ölkələrinin mətbuatında işıqlandırıldı, internetə çıxışı olmayan vətəndaşın hələ də bundan xəbəri yoxdur. Sabah Azərbaycan Xəzər dənizinin altında qalmaq təhlükəsilə üzləşsə, yenə də vətəndaşların bundan xəbəri olmayacaq. Cünki sabitlik...
Məncə danışmağa əngəl olmaq üçün uzanan bu əllər sabitliyin əlləridir