Showing posts with label azərbaycanlı. Show all posts
Showing posts with label azərbaycanlı. Show all posts

Saturday, 14 September 2013

Əxlaqsız Qərb

Müzakirələr zamanı, internet üzərindən Qərbdəki sisteminin, yaşam tərzlərinin, münasibətlərin, ümumiyyətlə Qərbin əxlaqsız, pozğun məkan olduğunu mübahisə edən çoxlu sayda, yazıçı Seymur Baycan demiş, Usta Zeynal təfəkkürlü adam var ki, Qərb ölkələrindən birinə mühacirət etmək üçün hər şeyi qurban verər. Orda təhsil almaq, yaşamaq üçün bacardığı hər şeyi etməyə hazırdır. Hə, bu cür ədəbsiz nəsnənin sayı əslində Avropanın bir parçası olan bizim cəmiyyətdə də çoxdu. Onlar qətiyyən, məsələn, Pakistana, Suriyaya, Banqladeşə və s. gedib yaşamaq haqqında düşünmürlər.

Saturday, 22 December 2012

Bərkgedən çevrə

Çayxanada bir qrup "bərkgedən", tünd xasiyyəti olan tanışınla oturub çay içirsən. Söhbət mövzusu da adətən ya avtomobil, ya cinsi münasibətlər- bazlıq ya da razborkalar, sınmalar-sındırmlar olur. Çevrənin hər bir üzvü danışıq tərzi, mimikası, jesti və seçdiyi sözlərlə sanki meydan oxuyur, özünün sərt, ciddi və qızbaz imicini formalaşdırmağa çalışır. Beləliklə, qorxmaz birisi olduğunu nümayiş etdirmək istəyir.  Çevrənin bütün üzvləri bax beləcə, çəkinməzdir-"qabağındanyeməz". 
Birdən adəti mövzulardan kənar bir şey haqqında danışmağa başlayırsan. Hakimiyyətin azadlıqları boğduğundan, qeyri demokratik idarəçilikdən, sərt rejimdən, korrupsiya uğramış sistemdən və s. Vətəndaş, insan kimi səni qayğılandıran mövzudan. Qəfil bir sükut çökür. Hər kəs astadan danışmağa başlayır. Ətrafa nəzər yetirilir ki, xəfiyyə olar. Bəziləri siyasətlə maraqlanmır, aralarından biri "biraz yavaş, eşidən olar", ya da "divarların da qulağı var" deyib səni mövzudan yayındırmağa çalışır. 
Mat qalırsan ki, axı bir az öncə bir neçə "bərkgedən" insanın arasında idin, nə baş verdi? 

Tuesday, 30 October 2012

Kopoğlunun...

Zaman dəyişsə də azərbaycanlılar dəyişmir (ümumiləşdirdiyim üçün üzr istəyirəm). Məsələn, 19-cu əsrdə azərbaycanlı mütəfəkkirlər tərəfindən təsvir olunan azərbaycanlı ilə bu günkü azərbaycanlı arasında mahiyyətcə heç bir fərq yoxdur.
Azərbaycanlılar hələ də əlləri cibində başqalarına həsəd aparır ancaq, öz ibtidai (primitiv), mürtəce həyat tərzi və yanaşmalarından əl çəkmirlər. Onlar qabaqcıl mədəniyyətlərə həsəd aparsalar da, öz cahil ənənələrinin daha yüksək və dəyərli olduğuna inanırlar, "Qərbin yaxşısını götürüb, pisini rədd etmək lazımdır" kimi gərəksiz və sarsaq fikirlər səsləndirməyə davam edirlər. Maarifpərvər, cəmiyyətdə azadlıqların möhkəmlənməsinə, proqresə xidmət edən bütün fikirləri "mentalitetimizə ziddir" deyə inkar edirlər. Güman eləyirlər ki, Qərb əxlaqsızdır ancaq, məsələn, fərdlərin həyatına müdaxiləni, yaltaqlığı əxlaqsızlıq hesab etmirlər.
Müxtəsərcə, azərbaycanlı 21-ci əsrdə də əlləri cibində, Qərbə baxıb həsəd aparır...

Tuesday, 17 January 2012

Min, get

Mən qavramaqda çətinlik çəkirəm ki, Azərbaycanın Avropa ailəsində nə işi var. Birincisi hakimiyyət ölkəni totalitar üsulla idarə edir. Bu Avropadakı insan haqları və qanunun aliliyi prinsiplərinə ziddir. Neçə illərdir nəyinki təkamül, deqredasiya baş verir. Bundan savayı isə ümumiyyətlə bu ölkənin insanı mütərəqqi qərb sivilizasiyasının tərkibi olmaq haqqında düşünmür, buna can atmaqdan çəkinir. Onun üçün bu maraqlı deyil. Onun Azərbaycanın gələcəyi üçün visionu da mürtəce şərqlə bağlıdır. Məsələn, mən bilirəm ki Azərbaycanda xeyli insanla rastlaşmaq mümkündür ki, ölkəsinin gələcəkdə "böyüyüb" Küveyt olacağına ümid bəsləyir və ya Bakını Dubay kimi "parlaq" gələcəyin gözlədiyinə inanır. Bu istiqamətdə xeyli cəhd də var əslində. Bakının Avropa keçmişi məhv edilir, yerində palma ağacları əkilir, şərqin hündür mərtəbəli binaları ilə bəhsə girilir. Çox az adam tapmaq mümkündür ki, Azərbaycanda nə vaxtsa, məsələn, Skandinaviyadakı kimi qabaqcıl həyat tərzinin mümkünlüyü barədə düşünsün. Əli və Nino əsərinin başlanğıcında təsvir edildiyi kimi sinifdə yalnız etnik azərbaycanlılar ehtirasla yaşadıqları şəhərin şərqə aid olmasını arzulayırlar. Məncə bir vasitə ilə bu proqressiv ailəni, sivilizasiyanı tərk edib kökə qovuşmaq, zövqsüzləşərək, bayağılaşaraq universitetləri, kitabxanaları məhv etmək, daha böyük şadlıq sarayları tikib bu prosesi başa çatdırmaq lazımdır.

Sunday, 1 May 2011

Diktaturanı dəstəkləmənin üç növü

Yaşadığın ölkədə totalitar idarəetməni dəstəkləmək üçün ya gərək bu rejimin nümayəndəsi olasan və ya bu cür idarəetmədən faydalanasan, ya da ki əksər halda bu cür olur ki, diktaturanın xarakteri olan repressiya və müxtəlif təzyiqlərdən qorxan vətəndaş ya susur, ya da passiv dəstək göstərmək məcburiyyətində qalır. Bu qrup vətəndaşlar arasında səmimiyyətlə durumun yavaş-yavaş yaxşılaşacağına, rejimin nə zamansa müsbət islahatlara gedəcəyinə inananalar da var. Bax belə... Hə, lap unutmuşdum, cızmaqarada sağdakı şəkil bitki təsviridi, dibçəkdə. Vaxtaşırı sulanmalı və fotosintez olması üçün işıqda saxlanmalıdır.

Sunday, 24 April 2011

Düşmən dəyirmanına su tökmə

Haqqını istəyən, demokratik idarəetmə tələb edən, basqılardan azad olum rahat yaşamaq istəyən, etiraz edən vətəndaş demək ki, ölkəsinin düşmənlərinə kömək edir, onların "dəyirmanına su tökür"müş. Dünyada analoqu olmayan bu yanaşma Azərbaycanda totalitar rejim tərəfindən səsləndirilir. Yəni vətəndaşlarını əzən rejim deyil, əzilən insanlar "düşmən dəyirmanına su tökür". Ona görə də əzilməmək lazımdır.

Friday, 9 April 2010

Get yat, vaxt tez keçsin

Bizim məmləkətdə belə bir yanaşma mövcuddur; Yerin altındakı ölülərlə yerin üstündəki ölülər. Bu yanaşma əsirlərdir dəyişmir. Bir gənc bloqçunun (Ravik) dediyi kimi "Azərbaycanlılar Azərbaycanda, avtobusda oturmuş cavan oğlan kimi yaşayırlar. Həmişə durub yerlərini kiməsə verməyə hazırdırlar."
Doğru məsləhətdi. Vaxtın tez keçməsi üçün çarə axtarmaq lazımdı. Yatmaq və ya Ümummilli, mənəvi "dəyərlərimiz"ə hörmət etmək, öyünmək lazımdır. Yaşamaq istəyənlərçün çətindir yerin üstündəki ölülərlə bir yerdə olmaq.

Saturday, 27 March 2010

Sabitlik

Sabitliyi təsvir etmək istəsəm ancaq bu cür edə bilərəm. Sabitlik təhlükəlidir. Bir növ xəstəlikdir. Hərəkət, eniş-qalxış, canlanma, tənqid, müzakirə, kədər və sevinc, həyəcan, mübarizə olmayan və alternativsiz bir yerdə ümid də ölür, maraq da.
Təsəvvür edin yaşadığın ölkədə çox ciddi hadisələr baş verir, lakin TV də sənə turşumuş nağıllar danışırlar, iyrənc təriflər. Vətəndaşın yaşadığı öıkədə baş verən mühüm hadisələrdən xəbərdar olmaq haqqı var. Bir ölkənin ki milli televiziya kanallarının əsas xəbər buraxılışında gələn ilk xəbər əyalətdə olimpiya mərkəzinin açılışı, hansısa kənddə məktəb binasının təmiri və ya izləyici üçün olduqca əhəmiyyətsiz rəsmi görüşlərdirsə, onda "səhərə kimi facebookda oturub, sonra günortaya kimi yatmaq" daha düzgün seçimdir.
Nə yaxşı ki xaric və onun televiziya kanalları var. 2000-ci ildə Bakıda baş vermiş zəlzələ haqqında ilk dəfə xarici telekanallar xəbər vermişdi. Və ya mərhum prezident Heydər Əliyevin ölüm xəbərini yenə də ilk dəfə xarici telekanallardan eşitdik. İki gənc fəal və bloqçu biyabırçı şəkildə şərlənərək həbs edildi (döyülərək), bu hadisə çox ciddi reaksiyaya səbəb oldu, az qala dünyanın bütün ölkələrinin mətbuatında işıqlandırıldı, internetə çıxışı olmayan vətəndaşın hələ də bundan xəbəri yoxdur. Sabah Azərbaycan Xəzər dənizinin altında qalmaq təhlükəsilə üzləşsə, yenə də vətəndaşların bundan xəbəri olmayacaq. Cünki sabitlik...
Məncə danışmağa əngəl olmaq üçün uzanan bu əllər sabitliyin əlləridir

Wednesday, 17 March 2010

Road to Uniqueness

2005-ci ildə Polşa yığması öz meydanında Azərbaycan futbolçularını qəbul edirdi (Dünya çempionatı seçmə mərhələsi). Mən bir qohumumun evində oyuna canlı baxmağa hazırlaşırdım. Maç yenicə başlamışdı ki, elektrik kəsildi. Əslində bu Azərbaycanda, xüsusən də əyalətdə olduqca normal bir hadisədir (Enerjiylə bol olan Odlar Yurdu Azərbaycanla ziddiyyət təşkil etsə də). Lakin belə bir anda elektrikin kəsilməsi təbii ki adamı qıcıqlandırır. Mən onda hər kəsin etdiyini etdim. Elektrik idarısinə zəng elədim, lakin bəlkə də fərqli olaraq kəskin danışdım. Biraz tənqid elədim, cavabdeh şəxləri günahlandırdım və s. Bəzi məmurların dediyi kimi "demoqoqluq" elədim. Daha sonra "işıqlar yandı", gec olsa da (mənim zəngimin nəticəsi olduğunu iddia etmirəm). O qədər də sevinmədik sözsüz ki, oyunun sonunda Azərbaycan 8-0 yenilirdi. Bunu danışmağımın məqsədi isə başqadır. Telefon zəngindən sonra həm qohumlarımın, həm də daha sonra valideynlərimin mənə "siyasətlə məşğul olma" rekasiyası tükürpədəndir. Sonradan buna alışdım, çünki dəfələrlə təkrarlandı. Yəni sabah gəlib səni zorlasalar və sən də buna etiraz etsən deməki olursan siyasətçi. Azğınlaşmış, radikal bir vətəndaş. Hər nəysə.
Təklif edirəm "Family Guy"a baxın. Çox maraqlı filmdir. Filmin qəhrəmanları olan Stewie-nin Brian-a cavabındakı kriterialar mənə çox doğma gəlir.

Friday, 12 March 2010

Dəyişməzlik

Cəlil Məmməd-quluzadənin hekayələrini oxuyanınız var da yəqin. Orta məktəbdə bəzi hekayələrini bizə oxudurdular. Yaxınlarda bir neçə hekayəsini yenidən oxudum. Elə bil Cəlil 1970, ya da 80-ci illərdə doğulub. Qəhrəmanları elə bizik. Necə ola bilir ki, bu qədər zaman keçməsinə rəğmən heç nə dəyişməyib? Bu analoqu olmayan bir hadisədir. Azərbaycanlıların (əksər) dəyişməzliyi əslində konservativlik də deyil məncə. Hətta ölkəni tərk edib əcnəbi məmləkətdə (Qərbdə) yaşayan azərbaycanlılarda da..
Əşi neynirik ee dəyişib. Heç adam da Ümummilli "dəyərlər"indən imtina edər? Məsələn biz həmişə elə hesab etmişik ki, göydə Allah yerdə rəhbər (şah, xan, çar, sədr, prezident...). Necə ola bilər ki, seçilmiş hakimiyyəti (bu hadisənin özü belə qəbuledilməzdir) xidmətçimiz kimi qəbul edə bilək? Külli günahdır! O, müqəddəsdir. Boynun yerə soxduğum avropalılar elə hesab edir ki, ölkə rəhbəri onun xidmətçisidir, ona xidmət edir və bu onun borcudur. Tam tərsi olmalıdır. Böyük-kiçik olmayan yerdə belə olur.

Thursday, 11 March 2010

Milli-mənəvi dəyərlərimizin sinonimi

Balaca olanda dəftər ayırmışdım özümə, orda cızma-qara edirdim. Nəyəsə baxıb onu təsvir etməyə çalışırdım. Hələ də saxlamışam o dəftəri. Kəndə yolum düşəndə baxacam. Bunu isə yeni çəkmişəm. Arazda karikaturalarını dərc etdirmək üçün uzun sürən nəticəsiz axtarışımdan sonra uşaqlığım yadıma düşdü, dedim cəhd eləyim.
Bu əslində yetərincə tanış mövzudu. Sadəcə mənə elə gəlir ki, nəsə kəşf eləmişəm. Aydındır ki, mentalitət davranışları, yanaşmaları müəyyən edən düşüncə tərzidir. Adət-ənənədən nisbətən fərqli bir şey. Qərbdə mentalitet o qədər də dəbdə olan kəlmə deyil. Məsələn ingilis mentaliteti heç eşitməmişəm. Burda bu əsasən fərdlərə aid edilir. Azərbaycanlıların mentaliteti var amma. Bəzən də bu milli-mənəvi dəyər adlandırılır. Bir onu başa düşə bilmirəm ki, bu "dəyərlər"i kim və ya kimlər müəyyən edir. Elə bil üç-dörd "ağsaqqal" toplaşıb deyir ki, bax məsələn, qadının siqaret çəkməsi bizim mentalitetə ziddir, kişinin sırğa taxması da yolverilməzdir. Bunlara əməl etməyənlər cəmiyyətdən kənarlaşdırılır, müxtəlif adlardan istifadə edilir silah kimi. Ancaq..
Qoy "kəşfim" haqqda yazım. Bu çoxluq kimdi?, mentalitetin müqəddəsliyinə inanan bu çoxluq rüşvət verməyi və almağı sevən insanlar. Yəni, Azərbaycanda rüşvət almasa da rüşvət verməyən adam tapmaq mümkün deyil məncə. Bunun üçün olduqca münbit şərait də var. Bəzən məsələn, həkimə rüşvət verməyəndə "tərbiyəsiz" adlandırıla bilirsən və ya şəxsiyyət vəsiqəsi aldığın zaman rüşvət verməyəndə "demoqoq". Başıma gəlib çünki. Demək ki, azərbaycanlılar rüşvəti sevirlər və kütləvi şəkildə qəbul edirlər. Yəni, bu azərbaycanlıların mentalitetidir!?..