Saturday, 4 September 2010

"Cavanşir Qalası dövlət tərəfindən qorunur"?

Bu gün İsmayıllıda yerləşən və 7-ci əsrə aid "Cavanşir Qalası"na səyahət elədik. Qafqaz Albaniyasından bizə qalmış azsaylı abidələrdən olan və eyni zamanda onun hökumdarı Cavanşir tərəfində tikildiyi üçün adını daşıyan qalanın durumu olduqca acınacaqlıdır. Dağın zirvəsində yerləşən qalanın yaxınlığında "Cavanşir Qalası dövlət tərəfindən qorunur" yazılmış lövhə olsa da, bu sadəcə oyuncaq sözlər idi. Bu yaxınlarda qalanın yerləşdiyi dağda baş vermiş yanğın nəticəsində həm qalanın ətrafındakı bütün ağac və bitkilər tamamilə məhv olub, həm də onsuz da baxımısız qala çox acınacaqlı vəziyyətə düşüb. Bizim üçün bu qədər önəmli və dəyərli olan bu abidə tamamilə məhv olmaq təhlükəsiyə qarşı-qarşıyadı. Hökumət isə cavabdehliyini vecinə də almadan bunun haqda düşünmək belə istəmir kimi görünür. Çünki o, hesablanmadan və kor təbii hazırlanmış bayraq layihəsinə 30 miliyon manat ayırmaqla qarnını doyurmaq işiylə məşğuldur. Ya da, küllü miqdarda vəsait ayırmaqla salınmış yolları söküb yenidən "təmir" etməklə və ya Heydər Əliyevə heykəllər ucaltmaq və onun adına demək olar qapısı bağlı muzeylər tikməklə. VİDEO

Tuesday, 31 August 2010

İnkişafın görüntüsü

Dünyanın iqtisadi baxımdan ən güclü və təbii ki, azad (vətəndaşlarının azad yaşadığı) dövlətlərində bir qayda olaraq çox güclü müxalifət qurumları fəaliyyət göstərir, hökumətlər məğlub olmamaq üçün hər seçkidə gərgin mübarizə aparmalı olurlar. Lakin Azərbaycan hökuməti iddia edir ki, Azərbaycanda bütün sahələrdə elə sürətli inkişaf müşahidə olunur ki, artıq müxalifət yoxa çıxıb. Yəni vətəndaşlar arasında hökumətin "uğurlu" fəaliyyətinə müxalif insan tapmaq az qala müşkülə çevrilib. Demək olar ki, hər bir kəs prezidentimizin "uzaqgörən daxili və xarici siyasəti"ni dəstəklədiyindən müxalifət qurumları da sıradan çıxır. Tək-tük "sapı özümüzdən olan baltalar", "düşmən dəyirmanına su tökənlər" var ki, onlar da tezliklə "haqqın yolu"nu tapacaqlar. Beləliklə hər kəs eyni düşünür. Bu həqiqətən analoqu olmayan yanaşmadır. Həm inkişaf edib demokratik islahatlarla məşğul olasan, həm də müxalifətsiz... "Ümummilli" hökumət!

Thursday, 24 June 2010

Müqəddəs Neft

Kimliyini xatır- lamadığm bir siyasətçi neftin Azərbaycan üçün bəla olduğunu demişdi. Mən buna inanıram. Fikirləşirəm ki, Azərbaycanda neft olmasaydı proseslər daha fərqli və müsbət məcrada cərəyan edərdi.
İndi Azərbaycanda güc sahibləri üçün neft müqəddəsdir. Şüphəsiz. Ona qarşı ədəbsizlik "günah"dır. Gənc fəal Rəşadət Axundov neftə qarşı söyüş işlədib "günah"a batmışdır. Onun ingiliscə ifadə etdiyi söyüşün azərbaycan dilinə tərcüməsi təxminən belədi: "Soxum sizin neftə". Buna görə indi həbsxanadadır.
Düzünü desəm bu dəqiqə içimdən neftə qarşı ən ədəbsiz fikirlər keçir.

Wednesday, 9 June 2010

Qalibiyyət üzüntüsü

Bir idmançı üçün qazandığı qələbədə əməyinin kölgələnməsi çox ağrılı bir şey olmalıdır. Mənim kimi tamaşaçı üçün isə idman yarışlarında şərhçinin "qazanılmış siyasi və iqtisadi uğurlardan, inşa edilmiş idman obyektlərindən və körpülərdən, uğurlu daxili və xarici siyasətdən" danışması qədər qıcıqlandırıcı az şey olur. Məsələn, voleybolçu qızlarımızın bir ara uğurlu çıxışları ərəfəsində ölkə prezidentinə edilən mədhiyyələrin foununda həmin yarışları izləmək həm gülməli, həm də acınacaqlı idi. İdmançının öz əməyi ilə əldə etdiyi qalibiyyət və ölkəsinin bayrağını yüksəklərə qaldırmasını uğurlu ümummilli siyasətin, tikilən körpülərin nəticəsi kimi təbliğ edəndə təxminən yuxarıdakı görüntü yaranır məncə.

Friday, 28 May 2010

Ondan başqa kişi yoxdur

Bu olmuş hadisədi. Yenə də AzTV, təbii ki. Əyalət sakinlərindən biri TV-yə müsahibəsi zamanı güzəranından razı qalaraq prezidentinə minnətdarlığını bildirmiş və Azərbaycanda ondan başqa kişi olmadığını söyləmişdi. İzləyicilərdən bəziləri hətta qeyzlənmişdi də. Bizim halımızda bu sözə qeyzlənmək belə böyük nailiyyətdi.
Görəsən AzTV Azərbaycan vətəndaşlarından müsahibə aldığında, müsahibə öncəsi izahat (müsahibə zamanı nələri demək lazım olduğunu izah) verərkən neçə nəfər ... deməyi bacarar?
AzTV- nin daha bir analoqu olmayan müsahiblərindən biri isə ona məxsus ticarət obyektinin sökülməsi zamanı "Obyektim Avropa standartlarına uyğun gəlmədiyinə görə özüm sökülməsini istəmişdim" deməyi bacarmışdı.
Cızma-qaradakı personajın üzündəki ifadəni izah etməyə çətinlik çəkirəm.

Thursday, 13 May 2010

sEL

Demişdimdə, sabah Xəzərin altında qalmaq təhlükəsiylə üzləşmiş olsaq sadəcə Xəzərin dibində olanda bundan xəbər tutacağıq. Azərbaycan mediası fəlakət törədən seli cüzi daşqın kimi qiymətləndirir. Neçə kənd tamamilə su altında qalıb və görəsən neçə vətəndaşın baş verənlərdən dolğun məlumatı var? Məsələn, dövlət televiziyasında çadırlara köçürülmüş əhalinin necə xoşbəxt və firavan yaşadığı nümayiş etdirilir. Vətəndaşlar qarşılaşdıqları durumdan məmnundurlar. Həm də bu fəlakətin səbəbi bəllidir axı. Fəlakət baş vermiş bölgənin sakinlərini parlamentdə müxalif fikirdə olan vətəndaş (sapı özümüzdən olan balta) təmsil eləyir. Bu səbəbdən onların səslərini belə çıxarmağa haqqı yoxdur, xüsusən də müqəddəs bayram ərəfəsində.

Saturday, 10 April 2010

Dişlək

Facebookda rusdilli dost- larımızdan biri belə bir status yeniləmişdi: "Если человека кусает вампир, он становится вампиром! Такое ощущение, что многих вокруг искусали бараны..."

Bizim dilimizə təxminən belə tərcümə olunur: "İnsanı vampir dişləsə, o da vamir olacaq. Belə təəssürat yaranır ki, ətrafdakılardan bəzilərini qoyun dişləyib..."

Friday, 9 April 2010

Get yat, vaxt tez keçsin

Bizim məmləkətdə belə bir yanaşma mövcuddur; Yerin altındakı ölülərlə yerin üstündəki ölülər. Bu yanaşma əsirlərdir dəyişmir. Bir gənc bloqçunun (Ravik) dediyi kimi "Azərbaycanlılar Azərbaycanda, avtobusda oturmuş cavan oğlan kimi yaşayırlar. Həmişə durub yerlərini kiməsə verməyə hazırdırlar."
Doğru məsləhətdi. Vaxtın tez keçməsi üçün çarə axtarmaq lazımdı. Yatmaq və ya Ümummilli, mənəvi "dəyərlərimiz"ə hörmət etmək, öyünmək lazımdır. Yaşamaq istəyənlərçün çətindir yerin üstündəki ölülərlə bir yerdə olmaq.

Tuesday, 6 April 2010

Qutuda siçan var

Azərbaycanda hər seçki ərəfəsi və sonrası baş verənlərin tayı bərabəri yoxdur. Seçkilərin nəticələri bəyan ediləndən sonra arzuladıqlarının tərsi ilə qarşılaşan insanlar inciyirlər. Məsələn məndə həmişə belə təəsürat yaranıb ki (2005-ci ilə qədər keçirilmiş bütün seçkilər zamanı Azərbaycanda olmuşam) bu qədər ziddiyyət nətər mümkün olur.
Hər seçkidən seçkiyə istifadə edilən şəffaf qutular maraqlıdır. "Şəffaf". Mənə elə gəlir ki, şəffaf adlandırılan bu seçki qutularının içində şəffaf siçanlar yaşayır. Qutlara atılan seçki bülletenləri onlarındır. Biz sadəcə həmin vərəqlərin üzərində istədiyimiz damanı işarələyib şəffaf qutuya atırıq. Qalanı bizlik deyil. Onlarlıqdır. Şəffaf olduğundan biz onları görmürük. Nə baş verdiyini də müşahidə edə bilmirik. Ona görə sonuclar tərsəməstəb görünür.
Qarşıdan yenə də seçkilər gəlir və yenə də şəffaf qutulardan istifadə ediləcək. (?)

Friday, 2 April 2010

Yeni Yol Nişanı

Azər- baycanda təzə yol nişanına ehtiyac var. Bu çox zəruridir.








Sürücülərin (müştərilərin) rahatlığının təmini, polislərin də fəaliyyətini daha effektli etmək üçün bunu qısa bir zamanda tətbiq etmək lazımdır. Bu, dünyada analoqu olmayan bir yol nişanı olacaq.
Bilirsiz, mən maşın sürməyi sevmirəm. Həmişə fikirləşmişəm ki, Azərbaycanda avtomobillə uzaq məsafəyə çıxası olsam yolda polislə (DYP əməkdaşı) rastlaşacam, o da övladlarını saxlamaq üçün məndən "cərimə" (dövlətçiliyimizin və sabitliyimizin düşmənləri bunu rüşvət adlandırır) tələb edəcək, bəzən bunu birbaşa deməyə çəkinəcək, dolayısı yollarla izah etməyə çalışacaq, mən də həmişə pul verərkən və alarkən utanan biriyəm, əziyyət çəkəcəm. Lakin bu cür yol nişanları tətbiq edilməyə başlansa bütün sürücülər üçün rahat olar və mən də maşın sürməyə qərar vermiş olaram. Sürücülər məsafədən bu nişanı görüb həm psixoloji, həm də maddi cəhətdən özlərini hazırlayarlar. Həm vaxta qənaət edilmiş olar, həm də narazıçılıq aradan qalxar. Ümid edirəm Azərbaycana növbəti gəlişim zamanı yollarımızda bu nişanı görmüş olacam. Yaşasın sabitliyimiz.