Tuesday 14 September 2010

Azərbaycanın müstəqilliyinə "hə" ya "yox" demək üçün dəvətnamə


1991-ci il dekabr ayının 29-da keçirilmiş Azərbaycan Respublikasının müstəqilliyinə dair ümumxalq səsverməsində - referendumda iştirak üçün dəvətnamə. 

Qeyd edək ki, referendumda 3 milyon 751 min 174 nəfər və ya seçici siyahılarına daxil edilmiş
vətəndaşların 95,27 faizi iştirak edib.
s verənlərin 99,58 faizi sualın lehinə, 0,2 faizi isə əleyhinə səs verib. 

Saturday 4 September 2010

"Cavanşir Qalası dövlət tərəfindən qorunur"?

Bu gün İsmayıllıda yerləşən və 7-ci əsrə aid "Cavanşir Qalası"na səyahət elədik. Qafqaz Albaniyasından bizə qalmış azsaylı abidələrdən olan və eyni zamanda onun hökumdarı Cavanşir tərəfində tikildiyi üçün adını daşıyan qalanın durumu olduqca acınacaqlıdır. Dağın zirvəsində yerləşən qalanın yaxınlığında "Cavanşir Qalası dövlət tərəfindən qorunur" yazılmış lövhə olsa da, bu sadəcə oyuncaq sözlər idi. Bu yaxınlarda qalanın yerləşdiyi dağda baş vermiş yanğın nəticəsində həm qalanın ətrafındakı bütün ağac və bitkilər tamamilə məhv olub, həm də onsuz da baxımısız qala çox acınacaqlı vəziyyətə düşüb. Bizim üçün bu qədər önəmli və dəyərli olan bu abidə tamamilə məhv olmaq təhlükəsiyə qarşı-qarşıyadı. Hökumət isə cavabdehliyini vecinə də almadan bunun haqda düşünmək belə istəmir kimi görünür. Çünki o, hesablanmadan və kor təbii hazırlanmış bayraq layihəsinə 30 miliyon manat ayırmaqla qarnını doyurmaq işiylə məşğuldur. Ya da, küllü miqdarda vəsait ayırmaqla salınmış yolları söküb yenidən "təmir" etməklə və ya Heydər Əliyevə heykəllər ucaltmaq və onun adına demək olar qapısı bağlı muzeylər tikməklə. VİDEO

Tuesday 31 August 2010

İnkişafın görüntüsü

Dünyanın iqtisadi baxımdan ən güclü və təbii ki, azad (vətəndaşlarının azad yaşadığı) dövlətlərində bir qayda olaraq çox güclü müxalifət qurumları fəaliyyət göstərir, hökumətlər məğlub olmamaq üçün hər seçkidə gərgin mübarizə aparmalı olurlar. Lakin Azərbaycan hökuməti iddia edir ki, Azərbaycanda bütün sahələrdə elə sürətli inkişaf müşahidə olunur ki, artıq müxalifət yoxa çıxıb. Yəni vətəndaşlar arasında hökumətin "uğurlu" fəaliyyətinə müxalif insan tapmaq az qala müşkülə çevrilib. Demək olar ki, hər bir kəs prezidentimizin "uzaqgörən daxili və xarici siyasəti"ni dəstəklədiyindən müxalifət qurumları da sıradan çıxır. Tək-tük "sapı özümüzdən olan baltalar", "düşmən dəyirmanına su tökənlər" var ki, onlar da tezliklə "haqqın yolu"nu tapacaqlar. Beləliklə hər kəs eyni düşünür. Bu həqiqətən analoqu olmayan yanaşmadır. Həm inkişaf edib demokratik islahatlarla məşğul olasan, həm də müxalifətsiz... "Ümummilli" hökumət!

Thursday 24 June 2010

Müqəddəs Neft

Kimliyini xatır- lamadığm bir siyasətçi neftin Azərbaycan üçün bəla olduğunu demişdi. Mən buna inanıram. Fikirləşirəm ki, Azərbaycanda neft olmasaydı proseslər daha fərqli və müsbət məcrada cərəyan edərdi.
İndi Azərbaycanda güc sahibləri üçün neft müqəddəsdir. Şüphəsiz. Ona qarşı ədəbsizlik "günah"dır. Gənc fəal Rəşadət Axundov neftə qarşı söyüş işlədib "günah"a batmışdır. Onun ingiliscə ifadə etdiyi söyüşün azərbaycan dilinə tərcüməsi təxminən belədi: "Soxum sizin neftə". Buna görə indi həbsxanadadır.
Düzünü desəm bu dəqiqə içimdən neftə qarşı ən ədəbsiz fikirlər keçir.

Wednesday 9 June 2010

Qalibiyyət üzüntüsü

Bir idmançı üçün qazandığı qələbədə əməyinin kölgələnməsi çox ağrılı bir şey olmalıdır. Mənim kimi tamaşaçı üçün isə idman yarışlarında şərhçinin "qazanılmış siyasi və iqtisadi uğurlardan, inşa edilmiş idman obyektlərindən və körpülərdən, uğurlu daxili və xarici siyasətdən" danışması qədər qıcıqlandırıcı az şey olur. Məsələn, voleybolçu qızlarımızın bir ara uğurlu çıxışları ərəfəsində ölkə prezidentinə edilən mədhiyyələrin foununda həmin yarışları izləmək həm gülməli, həm də acınacaqlı idi. İdmançının öz əməyi ilə əldə etdiyi qalibiyyət və ölkəsinin bayrağını yüksəklərə qaldırmasını uğurlu ümummilli siyasətin, tikilən körpülərin nəticəsi kimi təbliğ edəndə təxminən yuxarıdakı görüntü yaranır məncə.

Friday 28 May 2010

Ondan başqa kişi yoxdur

Bu olmuş hadisədi. Yenə də AzTV, təbii ki. Əyalət sakinlərindən biri TV-yə müsahibəsi zamanı güzəranından razı qalaraq prezidentinə minnətdarlığını bildirmiş və Azərbaycanda ondan başqa kişi olmadığını söyləmişdi. İzləyicilərdən bəziləri hətta qeyzlənmişdi də. Bizim halımızda bu sözə qeyzlənmək belə böyük nailiyyətdi.
Görəsən AzTV Azərbaycan vətəndaşlarından müsahibə aldığında, müsahibə öncəsi izahat (müsahibə zamanı nələri demək lazım olduğunu izah) verərkən neçə nəfər ... deməyi bacarar?
AzTV- nin daha bir analoqu olmayan müsahiblərindən biri isə ona məxsus ticarət obyektinin sökülməsi zamanı "Obyektim Avropa standartlarına uyğun gəlmədiyinə görə özüm sökülməsini istəmişdim" deməyi bacarmışdı.
Cızma-qaradakı personajın üzündəki ifadəni izah etməyə çətinlik çəkirəm.

Thursday 13 May 2010

sEL

Demişdimdə, sabah Xəzərin altında qalmaq təhlükəsiylə üzləşmiş olsaq sadəcə Xəzərin dibində olanda bundan xəbər tutacağıq. Azərbaycan mediası fəlakət törədən seli cüzi daşqın kimi qiymətləndirir. Neçə kənd tamamilə su altında qalıb və görəsən neçə vətəndaşın baş verənlərdən dolğun məlumatı var? Məsələn, dövlət televiziyasında çadırlara köçürülmüş əhalinin necə xoşbəxt və firavan yaşadığı nümayiş etdirilir. Vətəndaşlar qarşılaşdıqları durumdan məmnundurlar. Həm də bu fəlakətin səbəbi bəllidir axı. Fəlakət baş vermiş bölgənin sakinlərini parlamentdə müxalif fikirdə olan vətəndaş (sapı özümüzdən olan balta) təmsil eləyir. Bu səbəbdən onların səslərini belə çıxarmağa haqqı yoxdur, xüsusən də müqəddəs bayram ərəfəsində.

Saturday 10 April 2010

Dişlək

Facebookda rusdilli dost- larımızdan biri belə bir status yeniləmişdi: "Если человека кусает вампир, он становится вампиром! Такое ощущение, что многих вокруг искусали бараны..."

Bizim dilimizə təxminən belə tərcümə olunur: "İnsanı vampir dişləsə, o da vamir olacaq. Belə təəssürat yaranır ki, ətrafdakılardan bəzilərini qoyun dişləyib..."

Friday 9 April 2010

Get yat, vaxt tez keçsin

Bizim məmləkətdə belə bir yanaşma mövcuddur; Yerin altındakı ölülərlə yerin üstündəki ölülər. Bu yanaşma əsirlərdir dəyişmir. Bir gənc bloqçunun (Ravik) dediyi kimi "Azərbaycanlılar Azərbaycanda, avtobusda oturmuş cavan oğlan kimi yaşayırlar. Həmişə durub yerlərini kiməsə verməyə hazırdırlar."
Doğru məsləhətdi. Vaxtın tez keçməsi üçün çarə axtarmaq lazımdı. Yatmaq və ya Ümummilli, mənəvi "dəyərlərimiz"ə hörmət etmək, öyünmək lazımdır. Yaşamaq istəyənlərçün çətindir yerin üstündəki ölülərlə bir yerdə olmaq.

Tuesday 6 April 2010

Qutuda siçan var

Azərbaycanda hər seçki ərəfəsi və sonrası baş verənlərin tayı bərabəri yoxdur. Seçkilərin nəticələri bəyan ediləndən sonra arzuladıqlarının tərsi ilə qarşılaşan insanlar inciyirlər. Məsələn məndə həmişə belə təəsürat yaranıb ki (2005-ci ilə qədər keçirilmiş bütün seçkilər zamanı Azərbaycanda olmuşam) bu qədər ziddiyyət nətər mümkün olur.
Hər seçkidən seçkiyə istifadə edilən şəffaf qutular maraqlıdır. "Şəffaf". Mənə elə gəlir ki, şəffaf adlandırılan bu seçki qutularının içində şəffaf siçanlar yaşayır. Qutlara atılan seçki bülletenləri onlarındır. Biz sadəcə həmin vərəqlərin üzərində istədiyimiz damanı işarələyib şəffaf qutuya atırıq. Qalanı bizlik deyil. Onlarlıqdır. Şəffaf olduğundan biz onları görmürük. Nə baş verdiyini də müşahidə edə bilmirik. Ona görə sonuclar tərsəməstəb görünür.
Qarşıdan yenə də seçkilər gəlir və yenə də şəffaf qutulardan istifadə ediləcək. (?)

Friday 2 April 2010

Yeni Yol Nişanı

Azər- baycanda təzə yol nişanına ehtiyac var. Bu çox zəruridir.








Sürücülərin (müştərilərin) rahatlığının təmini, polislərin də fəaliyyətini daha effektli etmək üçün bunu qısa bir zamanda tətbiq etmək lazımdır. Bu, dünyada analoqu olmayan bir yol nişanı olacaq.
Bilirsiz, mən maşın sürməyi sevmirəm. Həmişə fikirləşmişəm ki, Azərbaycanda avtomobillə uzaq məsafəyə çıxası olsam yolda polislə (DYP əməkdaşı) rastlaşacam, o da övladlarını saxlamaq üçün məndən "cərimə" (dövlətçiliyimizin və sabitliyimizin düşmənləri bunu rüşvət adlandırır) tələb edəcək, bəzən bunu birbaşa deməyə çəkinəcək, dolayısı yollarla izah etməyə çalışacaq, mən də həmişə pul verərkən və alarkən utanan biriyəm, əziyyət çəkəcəm. Lakin bu cür yol nişanları tətbiq edilməyə başlansa bütün sürücülər üçün rahat olar və mən də maşın sürməyə qərar vermiş olaram. Sürücülər məsafədən bu nişanı görüb həm psixoloji, həm də maddi cəhətdən özlərini hazırlayarlar. Həm vaxta qənaət edilmiş olar, həm də narazıçılıq aradan qalxar. Ümid edirəm Azərbaycana növbəti gəlişim zamanı yollarımızda bu nişanı görmüş olacam. Yaşasın sabitliyimiz.

Saturday 27 March 2010

Sabitlik

Sabitliyi təsvir etmək istəsəm ancaq bu cür edə bilərəm. Sabitlik təhlükəlidir. Bir növ xəstəlikdir. Hərəkət, eniş-qalxış, canlanma, tənqid, müzakirə, kədər və sevinc, həyəcan, mübarizə olmayan və alternativsiz bir yerdə ümid də ölür, maraq da.
Təsəvvür edin yaşadığın ölkədə çox ciddi hadisələr baş verir, lakin TV də sənə turşumuş nağıllar danışırlar, iyrənc təriflər. Vətəndaşın yaşadığı öıkədə baş verən mühüm hadisələrdən xəbərdar olmaq haqqı var. Bir ölkənin ki milli televiziya kanallarının əsas xəbər buraxılışında gələn ilk xəbər əyalətdə olimpiya mərkəzinin açılışı, hansısa kənddə məktəb binasının təmiri və ya izləyici üçün olduqca əhəmiyyətsiz rəsmi görüşlərdirsə, onda "səhərə kimi facebookda oturub, sonra günortaya kimi yatmaq" daha düzgün seçimdir.
Nə yaxşı ki xaric və onun televiziya kanalları var. 2000-ci ildə Bakıda baş vermiş zəlzələ haqqında ilk dəfə xarici telekanallar xəbər vermişdi. Və ya mərhum prezident Heydər Əliyevin ölüm xəbərini yenə də ilk dəfə xarici telekanallardan eşitdik. İki gənc fəal və bloqçu biyabırçı şəkildə şərlənərək həbs edildi (döyülərək), bu hadisə çox ciddi reaksiyaya səbəb oldu, az qala dünyanın bütün ölkələrinin mətbuatında işıqlandırıldı, internetə çıxışı olmayan vətəndaşın hələ də bundan xəbəri yoxdur. Sabah Azərbaycan Xəzər dənizinin altında qalmaq təhlükəsilə üzləşsə, yenə də vətəndaşların bundan xəbəri olmayacaq. Cünki sabitlik...
Məncə danışmağa əngəl olmaq üçün uzanan bu əllər sabitliyin əlləridir

Saturday 20 March 2010

Bizə nə elədisə matəm elədi

Uşaq vaxtı qapılara papaq atıb bayram payı toplamaq və maşın təkər- lərindən qalanmış ocaq üstündən tullanmağı istisna etməklə indiyə qədər Novruz bayramında bu qədər sevinməmişdim. Bu gün uşaqlıq dostum mənə kənddən elektron məktub yazdı. Mən onun məktub yazmasına görə deyil, məktubun məzmununa görə sevinirəm. Elnurla biz bir məhəllədə böyümüşük. Zarafatlarımız olub, məzxərələr də etmişik. Elə satirik məzmunda. Ancaq heç vaxt təsəvvür etməzdim ki, Elnur nə vaxtsa mənə facebook vasitəsilə belə sənət əsəri göndərəcək. Səmimiyəm, çox təəcübləndim, sevindim və məktubu oxuyandan sonra dərhal karandaşı əlimə alıb karikatura çəkməyə başladım. Mən Elnura Arazın web saytı üçün yazılar hazırlamağı təklif edəcəm. Ümid edirəm qəbul edəcək.
Elnur hal-hazırda kənddə yaşayır və əyalət üçün yeganə və prestijli iş sayılan ticarətlə məşğuldur. Onun mənə yazdığı məktubu olduğu kimi burda yerləşdirirəm:

"Salam qardaş. Səni və sənin sevdiklərini Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.
Kənddə nisbi sakitlikdir. Nə vaxt gəlirsən? Inşallah! Havalar isinən kimi kənddə aktivləşmə artır. Hamı evlənməyə can atır. Bu bizim yeganə amalımızdı. Toy, toy, qoy həmişə toy olsun! Toy bizim istrahətimizdi, biznesimizdi, həyatda nə qazanmışıq-hesabatıdır. Bizə dünyadakı iqtisadi böhran heç nə etməzdi, Matəm elədi, toy olmadı: paltar alan yox, ev remont edən yox, xostavardan qab- qacaq alan yox, mebel dükanları alver istəyir, şadlıq evlərində konfranslar keçrilir "qidslə mübarizə-subaylığa son", hamı ağlayır. Daha göy satan da toy olmayanda ac qalır. Odur ki, qoy həmişə toy olsun. Qarnımız tox, cibimiz dolu, başımız boş olmağından zərər yoxdur, amma həmişə dik olsun! Həm də toy olsun. Burda hamı bu əhval-ruhiyyə ilə yaşayır. /Kənd Ənbis Xəbərləri/
Özündən muğayət ol. Hələlik."

Wednesday 17 March 2010

Road to Uniqueness

2005-ci ildə Polşa yığması öz meydanında Azərbaycan futbolçularını qəbul edirdi (Dünya çempionatı seçmə mərhələsi). Mən bir qohumumun evində oyuna canlı baxmağa hazırlaşırdım. Maç yenicə başlamışdı ki, elektrik kəsildi. Əslində bu Azərbaycanda, xüsusən də əyalətdə olduqca normal bir hadisədir (Enerjiylə bol olan Odlar Yurdu Azərbaycanla ziddiyyət təşkil etsə də). Lakin belə bir anda elektrikin kəsilməsi təbii ki adamı qıcıqlandırır. Mən onda hər kəsin etdiyini etdim. Elektrik idarısinə zəng elədim, lakin bəlkə də fərqli olaraq kəskin danışdım. Biraz tənqid elədim, cavabdeh şəxləri günahlandırdım və s. Bəzi məmurların dediyi kimi "demoqoqluq" elədim. Daha sonra "işıqlar yandı", gec olsa da (mənim zəngimin nəticəsi olduğunu iddia etmirəm). O qədər də sevinmədik sözsüz ki, oyunun sonunda Azərbaycan 8-0 yenilirdi. Bunu danışmağımın məqsədi isə başqadır. Telefon zəngindən sonra həm qohumlarımın, həm də daha sonra valideynlərimin mənə "siyasətlə məşğul olma" rekasiyası tükürpədəndir. Sonradan buna alışdım, çünki dəfələrlə təkrarlandı. Yəni sabah gəlib səni zorlasalar və sən də buna etiraz etsən deməki olursan siyasətçi. Azğınlaşmış, radikal bir vətəndaş. Hər nəysə.
Təklif edirəm "Family Guy"a baxın. Çox maraqlı filmdir. Filmin qəhrəmanları olan Stewie-nin Brian-a cavabındakı kriterialar mənə çox doğma gəlir.

Monday 15 March 2010

Zorlanmış kitablar

Kitablar aləmində zorlanma tamam fərqli anlam daşıyır. Bir qayda olaraq çox oxunduqda vərəqləri yırtılır, köhnəlir və sıradan çıxır. Əvəzində bu "təcavüz"ü edənlər faydalanır. Azərbaycan dünyada analoqu olmayan yer olduğuna görə burda kitabların zorlanmasının da dünyada analoqu yoxdur.
Bizim insan günəbaxan tumunu (semeçka) çox sevir. Hətta mən azərbaycanlılar deyərkən ilk ağlıma gələn insanların "semeçka çırtlaması"dır. Bu Ümummilli ritualdır. Kiçik yaşlarımdan xatırlayıram, kəndimizdə məşhur Qələm xala var idi. Adlar doğrudan da insanların kimliyi deyil. Onun semeçkaları ən dadlı hesab olunurdu. Hər kəs ondan almağa çalışırdı. Məni də evdən göndərirdilər, hərdən gedirdim kəndin mərkəzinə və Qələm xala yanına düzdüyü kitablardan (kitabların adını xatırlamıram) yırtdığı vərəqlərə bükdüyü tumları bir-bir satırdı. Hər gün sayını bilmədiyimiz qədər kitab vərəqləri yırtılaraq semeçka bükmək üçün istifadə edilirdi (edilir). Mənə elə gəlir ki, dünyanın heç bir yerində kitablarla bu cür rəftar edilmir. Olsa-olsa qardaş Türkmənistanda olar.

Tüpürüm belə yaşayışa!

Böyük şanssizlıqdı. Zənginliyin torpağın altından qaynadığı məmləkətdə belə eybəcər hala düşmək. Cibindən manatı oğurlanana gərək heç olmasa danışmağa şans versinlər. Gülünc səslənire, "heç olmasa". Əgər dildən danışmaq üçün istifadə etmək mümkün olmursa görəsən başqa nəyə istifadə eləmək olar? Və ya vətəndaşın nə zaman danışıb-danışmayacağına qərar verməli olduğu instansiyalar onun özünü danışmaqdan məhrum edir.
Tüpürüm belə yaşayışa!

Azadlıq qoxusu və palçıqlı yol

Cambridge də qaldığımız iki gündə İngiltərədə ilk dəfə palçıqlı yolda yerimiş oldum. Bu maraqlı idi, çünki palçıqlı yol mənim üçün doğmadır. Grantchester kəndinə aparan yol boş torpaq sahələrdən (kəsə yol) keçdiyindən doyunca palçığa batdıq amma,.. adamın kənd deməyə dili gəlmir ki. Asfalt yollar, düzən, səliqə, cinsindən asılı olmayaraq hər kəsin dincələ bildiyi yaraşıqlı pub-lar, mədəni atmosfer. Grantchester qədim kənddir. Bu kənd əsasən meyvə bağına görə məşhurdur. 1897-ci ildə Cambridge-dən olan bir qrup tələbə burda çay içib və ondan sonra bu ənənə halını alıb. Bu bağda dünyada tanınmış bir çox yazıçılar, şairlər, məşhurlar çay içib. Biz də çay içdik, lakin hava soyuq olduğundan bağda deyil, içəridə.
Kəndə gedən yol isə Cambridge-in mərkəzindən keçmişdi. Bu yolu heç vaxt unutmayacam. Burnumda Azadlığın qoxusu hələ də qalır. Kiçik şəhərin mərkəzində ən azı üç qrup etiraz aksiyası keçirirdi və bu qətiyyən insanların istirahətinə və hərəkətinə mane olmurdu. Tələbələr, turistlər, kilsələr, insanlarla dolu kitab dükanları, şəffaf hovuz, velospetli sakinlər... Londondan fərqli olaraq burda velosipetləri saxladıqları yerdə demək olar ki heç kim kilidləmir.

Sunday 14 March 2010

Sevimli Uzunqulaq
















Biz uzunqulaqları sevirik, hər nə olursa olsun. Bizi döysələr, hətta həbs etsələr belə uzunqulaqlar bizim sevimlimizdir. Bu səbəbdəndir ki, hətta Esel Heinz Almaniyanı tərk edərək bizə sarı gəlmişdir. Bəzən isə elə olr ki, bu sevgi qarşılıqlı olmur. Bu çox üzücüdür. Necə ki gördüyünüz Uzunqulaq bizə nifrət etdiyini dilə gətirir. Sarsıdıcıdır deyilmi?

Saturday 13 March 2010

"Поезд в огне"

Əslində "Odlar Yurdu" çox pozitiv bir brenddir. Amma ki, karikaturada qətiyyən pozitiv görünə bilmir. Facebookda bu təsviri paylaşandan sonra dostlarımdan biri aşağıdakı şərhi yazmışdı: “Qərbə qaçanın sifəti maraqlıdır. Şərqə qaçan da elə bil tərəddüd içindədir, sanki fikirləşir bəlkə Qərbə qaçım, nə qədər gec deyil”. Doğrudan can qurtarıb qaçmaq haqqında düşünəndə adamın ağlına Qərb gəlir ilk öncə. Ya da ən fərqli halda Yaponiya. Heç can qurtarıb Türkmənistana qaçmaq istəyən eşitmisiz? Ya da məsələn Suriyaya? Maraqlıdı.
Bunu çəkib bitirəndən sonra bir xeyli baxıb düşündüm və hey ağlıma Emin və Adnan gəldi. Sizi sevirik dostlar! Karikaturanı boş verin. Аквариум- un "Поезд в огне" haqqında oxuması daha seksualdı məncə...

Quyruq vs kapital

Burda ən son cızdığım element uzunqulağın quyruğudu.. Maraqlı quyruğu var. Ümumiyyətlə belə quyruğu olanın niyyəti şübhəsiz bəllidir.
İnsan kapitalı mənim aləmimdə ən gərəkli ehtiyacdır. Yəni bir cəmiyyət güclü və keyfiyyətli insan kapitalından ibarət olarsa aliləşər. Belə bir kapitalı təşkil edəcək fərdlərin yandırıldığı yerdə söz bitir. Beyin ixracəndan səmimiyyətlə narahat olanlar var məncə.

Friday 12 March 2010

Dəyişməzlik

Cəlil Məmməd-quluzadənin hekayələrini oxuyanınız var da yəqin. Orta məktəbdə bəzi hekayələrini bizə oxudurdular. Yaxınlarda bir neçə hekayəsini yenidən oxudum. Elə bil Cəlil 1970, ya da 80-ci illərdə doğulub. Qəhrəmanları elə bizik. Necə ola bilir ki, bu qədər zaman keçməsinə rəğmən heç nə dəyişməyib? Bu analoqu olmayan bir hadisədir. Azərbaycanlıların (əksər) dəyişməzliyi əslində konservativlik də deyil məncə. Hətta ölkəni tərk edib əcnəbi məmləkətdə (Qərbdə) yaşayan azərbaycanlılarda da..
Əşi neynirik ee dəyişib. Heç adam da Ümummilli "dəyərlər"indən imtina edər? Məsələn biz həmişə elə hesab etmişik ki, göydə Allah yerdə rəhbər (şah, xan, çar, sədr, prezident...). Necə ola bilər ki, seçilmiş hakimiyyəti (bu hadisənin özü belə qəbuledilməzdir) xidmətçimiz kimi qəbul edə bilək? Külli günahdır! O, müqəddəsdir. Boynun yerə soxduğum avropalılar elə hesab edir ki, ölkə rəhbəri onun xidmətçisidir, ona xidmət edir və bu onun borcudur. Tam tərsi olmalıdır. Böyük-kiçik olmayan yerdə belə olur.

Nişanın elektron versiyası

Həmişə gələcəkdə ailə həyatı qurmaq üçün qarşıda duran prosedurlar haqqında düşünəndə əzab çəkirdim. Azərbaycan yeyib-içmək məclisi ilə heç vaxt aram yaxşı olmayıb. Məni tanıyanlar bilir bunu. Bir dəfə az qala hətta ürəyim getsin. Məclis də məni bəyənmir əslində, çünki mənfi enerji saçıram, camaatın əhvalın alt-üst eləyirəm və s. Hansısa qüvvə bunu bilir və mənə köməklik edir.
Mənim sevgim çox "əxlaqsız" bir şəkildə baş tutub. Bilirəm indi mənə lənət oxuyacasız. Biz internet (facebook) üzərindən tanış olaraq bir-birimizə vurulmuşuq. Ümummilli-mənəvi dəyərlərimizi təhqir etmişik.
Hələ bütün bunlar bir tərəfə, azğınlaşmış mən daha da İrəli getmişəm. Siz heç internet üzərindən nişan eşitmisiz? Bu sualı facebookdakı dostlarıma vermişəm əslində. Ancaq demək olar ki, heç kim məni başa düşməyib. Mənə elə gəlir ki, internet üzərindən nişanlanan ilk adam mənəm (məclisdə canlı iştirak etməkdən yaxa qurtarmışam). Bunu bir dostum "nişanın elektron versiyası" adlandırmışdı.
Hər nəsə, mənim bu "əxlaqsızlığım" yaxınlarım tərəfindən gizlədilir təbii ki. Guya ki, əslində biz "əxlaq" normalarına uyğun bir şəkildə tanış olmuşuq. Tanışlığın, nişanın, toyun və evliliyin Ümummilli versiyasını hamınız bilirsiz təbii ki. Valideynlərin sənə kimisə "məsləhət" görür və sən evləndiyin şəxsi sadəcə toy gecəsi görə bilirsən. Bu ən "pak" və Ümummilli versiyadır. Xəcalət çəkirəm.

YAP

Bu sənət əsəri İsmayıllı şəhərinin mərkəzindən biraz kənarda yerləşdirilmişdi. Bilmirəm hələdə qalır, yoxsa götürüblər. 2008-ci ildə çəkmişəm bunu. Məncə bunu yığışdırmağa cəsarət edən yoxdu. Götürsələr gərək yerində başqa bir əsər yaratsınlar.
İsmayıllıda, şəhərin mərkəzində bu təsvir edilmiş partiya (hakim partiya) üçün yaraşıqlı bina inşa edilmişdir. Əvvəllər (90-cı illərdə) müxalif fikirdə olan insanların (sapı özümüzdən olan baltalar) qurduğu bəzi partiya və təşkilat ofislərininin yerləşdiyi binada onlara aid lövhələrə də rast gəlmək mümkün idi. İndi əlbəttə ki bu mümkün deyil. Belə bir qənaətə gəlinmişdir ki, xalq onları qəbul etmir, heç bir dəstəkləri yoxdur, ona görə də xalqın gözünə görünməməlidirlər. Yoxsa vətəndaşların və turistlər istirahət hüququ pozular. Azərbaycan dünyada analoqu olmayan ölkə olduğuna görə onun vətəndaşları da sadəcə eyni cür düşünməlidirlər.

Thursday 11 March 2010

Milli-mənəvi dəyərlərimizin sinonimi

Balaca olanda dəftər ayırmışdım özümə, orda cızma-qara edirdim. Nəyəsə baxıb onu təsvir etməyə çalışırdım. Hələ də saxlamışam o dəftəri. Kəndə yolum düşəndə baxacam. Bunu isə yeni çəkmişəm. Arazda karikaturalarını dərc etdirmək üçün uzun sürən nəticəsiz axtarışımdan sonra uşaqlığım yadıma düşdü, dedim cəhd eləyim.
Bu əslində yetərincə tanış mövzudu. Sadəcə mənə elə gəlir ki, nəsə kəşf eləmişəm. Aydındır ki, mentalitət davranışları, yanaşmaları müəyyən edən düşüncə tərzidir. Adət-ənənədən nisbətən fərqli bir şey. Qərbdə mentalitet o qədər də dəbdə olan kəlmə deyil. Məsələn ingilis mentaliteti heç eşitməmişəm. Burda bu əsasən fərdlərə aid edilir. Azərbaycanlıların mentaliteti var amma. Bəzən də bu milli-mənəvi dəyər adlandırılır. Bir onu başa düşə bilmirəm ki, bu "dəyərlər"i kim və ya kimlər müəyyən edir. Elə bil üç-dörd "ağsaqqal" toplaşıb deyir ki, bax məsələn, qadının siqaret çəkməsi bizim mentalitetə ziddir, kişinin sırğa taxması da yolverilməzdir. Bunlara əməl etməyənlər cəmiyyətdən kənarlaşdırılır, müxtəlif adlardan istifadə edilir silah kimi. Ancaq..
Qoy "kəşfim" haqqda yazım. Bu çoxluq kimdi?, mentalitetin müqəddəsliyinə inanan bu çoxluq rüşvət verməyi və almağı sevən insanlar. Yəni, Azərbaycanda rüşvət almasa da rüşvət verməyən adam tapmaq mümkün deyil məncə. Bunun üçün olduqca münbit şərait də var. Bəzən məsələn, həkimə rüşvət verməyəndə "tərbiyəsiz" adlandırıla bilirsən və ya şəxsiyyət vəsiqəsi aldığın zaman rüşvət verməyəndə "demoqoq". Başıma gəlib çünki. Demək ki, azərbaycanlılar rüşvəti sevirlər və kütləvi şəkildə qəbul edirlər. Yəni, bu azərbaycanlıların mentalitetidir!?..