Friday 28 December 2012

Ə -ni çevirmək ehtirası

Onun missiyası var. Bu, onunçün önəmlidir. Azərbaycan dilindəki æ səsini şəkilləndirən ə işarəsini dəyişməlidir. Onu yuvarlayıb e etməli, ya da yerinə başqa bir şey qoymalıdır. Heç kim bilmir niyə, ancaq o ehtirasla bu işin öhdəsindən gəlməyə çalışır. Bəlkə də ifrat ölçüdə sevdiyi türk dilində (Türkiyə Respublikasının rəsmi dili) belə səs və işarə olmadığı üçünʔ 
Həvəslə inanmağa çalışır ki, əslində azərbaycan əlifbasının aid olduğu latın qrafikasında bu cür işarə yoxdur. Onun üçün maraqlı deyil ki, latın qrafikasından istifadə edən, məsələn, Türkiyə də daxil olmaqla Şərqi Avropa xalqları öz əlifbalarında, dillərindəki fərqli səslərə uyğun fərqli işarələrdən istifadə edirlər. Məsələn, estonlar başqa latın qrafikalı əlifbalarda istifadə olunmur deyə, yazılı eston dilindəki Õ hərfini yıxmağa cəht etmirlər. 
Yaxud da, keçən əsr boyu sayını unutduğumuz qədər dəyişikliyə məruz qalmış azərbaycan əlifbası növbəti dəyişikliklə hansı problemləri yarada bilər və s.
Məsələ burasındadır ki, bütün bunlar onun üçün qətiyyən maraqlı deyil. Onun missiyası var, Ə -ni çevirməlidir. 

Saturday 22 December 2012

Bərkgedən çevrə

Çayxanada bir qrup "bərkgedən", tünd xasiyyəti olan tanışınla oturub çay içirsən. Söhbət mövzusu da adətən ya avtomobil, ya cinsi münasibətlər- bazlıq ya da razborkalar, sınmalar-sındırmlar olur. Çevrənin hər bir üzvü danışıq tərzi, mimikası, jesti və seçdiyi sözlərlə sanki meydan oxuyur, özünün sərt, ciddi və qızbaz imicini formalaşdırmağa çalışır. Beləliklə, qorxmaz birisi olduğunu nümayiş etdirmək istəyir.  Çevrənin bütün üzvləri bax beləcə, çəkinməzdir-"qabağındanyeməz". 
Birdən adəti mövzulardan kənar bir şey haqqında danışmağa başlayırsan. Hakimiyyətin azadlıqları boğduğundan, qeyri demokratik idarəçilikdən, sərt rejimdən, korrupsiya uğramış sistemdən və s. Vətəndaş, insan kimi səni qayğılandıran mövzudan. Qəfil bir sükut çökür. Hər kəs astadan danışmağa başlayır. Ətrafa nəzər yetirilir ki, xəfiyyə olar. Bəziləri siyasətlə maraqlanmır, aralarından biri "biraz yavaş, eşidən olar", ya da "divarların da qulağı var" deyib səni mövzudan yayındırmağa çalışır. 
Mat qalırsan ki, axı bir az öncə bir neçə "bərkgedən" insanın arasında idin, nə baş verdi? 

Sunday 11 November 2012

İlk bayrağımız


Azərbaycan Demokratik Respublikası (üzr istəyirəm, Cəmahiriyəsi) yarananda onun ilk bayrağı belə olub. Sonradan Filippin zabiti general Abayqarın tələbi ilə bayraq dəyişdirilərək indiki üç rəngli bayraq qəbul olunub. Məncə məcburiyyət qarşısında dəyişdirilmiş bu şanlı bayrağımızı yenidən başımızın üzərinə qaldırmalıyıq. 
Azərbaycan əlifbasındakı Ə hərfini də ləğv eləmək lazımdı. Heç latın qrafikasında Ə varʔ Demək olar ki, bütün Şərqi Avropa xalqları latın qrafikasından istifadə eləyir. Hansı biri öz dillərinə uyğun xarakter əlavə eləyib əlifbaya, axı hansı biriʔ Hamısı orijinal latın qrafikasından istifadə edir. Heç bir dəyişiklik və əlavələr etmədən. Ə hərfini başqa bir xarakterlə əvəz eləmək lazımdır, məsələn, a hərfi ilə. Ölkəmizin adını da Azarbaycan yazmaq lazımdı.
Millətimizin adını da dəyişmək lazımdı. Azərbaycan milləti varʔ Biyabırçılıq! Bizim millətin əsl adı tatardı. sonradan dəyişdirib elədilər azərbaycanlı. Ona görə də azərbaycanlını dəyişib eləmək lazımdı tatar. Azarbaycanda yaşayan bütün etnik qruplar - türklər, ləzgilər, talışlar, ruslar və s. tatar milləti adı altınfa birləşməlidir!

Monday 5 November 2012

Yaltaqlıq Bataqlığı - Dövlət tərəfindən mühafizə olunur

Sözsüz, insanların muğam dinləməsində və ya muğamın musiqi festivallarında təmsil olunmasında bir problem yoxdur. Eləcə də, sənə yaxın insanlara qayğıda, evlilikdə və s. Sadəcə qapalı cəmiyyələrdə fərdlərin yaradıcılıq imkanları məhdudlaşdırılır, azadlıqları çərçivəyə alınır (leqal məhdudiyyətləri nəzərdə tutmuram). Qapalı cəmiyyətlərdə bayağılıq, ifratçılıq hökmranlıq eləyir. İstənilən mövzu bayağı şəkil alır. Cəmiyyətdə proqress deyil, korrupsiya baş verir. Mütilik, bayağılıq, yaltaqlıq elə korrupsiyaya uğramış, mürtəce cəmiyyətin üzüdür.

Tuesday 30 October 2012

Kopoğlunun...

Zaman dəyişsə də azərbaycanlılar dəyişmir (ümumiləşdirdiyim üçün üzr istəyirəm). Məsələn, 19-cu əsrdə azərbaycanlı mütəfəkkirlər tərəfindən təsvir olunan azərbaycanlı ilə bu günkü azərbaycanlı arasında mahiyyətcə heç bir fərq yoxdur.
Azərbaycanlılar hələ də əlləri cibində başqalarına həsəd aparır ancaq, öz ibtidai (primitiv), mürtəce həyat tərzi və yanaşmalarından əl çəkmirlər. Onlar qabaqcıl mədəniyyətlərə həsəd aparsalar da, öz cahil ənənələrinin daha yüksək və dəyərli olduğuna inanırlar, "Qərbin yaxşısını götürüb, pisini rədd etmək lazımdır" kimi gərəksiz və sarsaq fikirlər səsləndirməyə davam edirlər. Maarifpərvər, cəmiyyətdə azadlıqların möhkəmlənməsinə, proqresə xidmət edən bütün fikirləri "mentalitetimizə ziddir" deyə inkar edirlər. Güman eləyirlər ki, Qərb əxlaqsızdır ancaq, məsələn, fərdlərin həyatına müdaxiləni, yaltaqlığı əxlaqsızlıq hesab etmirlər.
Müxtəsərcə, azərbaycanlı 21-ci əsrdə də əlləri cibində, Qərbə baxıb həsəd aparır...

Sunday 28 October 2012

Bura zibil atanın...

Bakıda sakinlər yaşadıqları məhəllənin, mənzillərinin ətrafının zibillənməsinə etiraz olaraq divarlarda yazırlar adətən. Bura zibil atanın... Bu üç nöqtənin yerində isə müxtəlif sözlər olur. Fikirlərini, münasibətlərini sərt şəkildə ifadə etməyə çalışan sakinlər müxtəlif söyüş və irqçi sözlərdən istifadə eləyirlər.
Əsasən kommunal xidmətlərin yararsızlığı, çalışmaması nəticəsində yaranan mənzərə. Sistemdəki çatışmamazlıq, pozğunluq..

Altı il sonra yenidən türk radiosu


Keçən həftə, düz altı il aradan sonra ilk dəfə Londonda yerləşən türk radiosu - LTR -ın studiasında oldum. Radionun əməkdaşı, Məsud Akın verilişinə dəvət etmişdi. Azərbycan haqqında danışmalı idik. Bildiklərimi, düşündüklərimi bölüşdüm dinləyicilərlə. Biraz tarixindən söhbət etdik. Birinci respublikanın bizim üçün əhəmiyyətini vurğuladım, indi baş verənlərdən danışdıq. Neftdən, Qarabağ konfliktindən, korrupsiyaya qurşanmış, pozğun sistemdən, repressiv rejimdən, qeyri azad mühitdən biliyim yol verdiyi qədər bəhs elədim. Bir sözlə, Azərbaycan həqiqətləri. Sonra Əzizə Mustafazadənin musiqisini oxutdular. Müəllif Musatafazadə pərəstişkarı imiş.

Daha sonra radionun yeni rəhbərliyi yeni bir proqramda davamlı iştirakımı təklif elədi. Azərbaycanla bağlı, lap elə yeddi il bundan öncə efirə çıxmış "Salam Gətirmişəm" kimi…

2005-ci ildə tanış bir neçə azərbaycanlı tələbəylə birgə Londonda Azərbaycanlı Gənclər Klubunun əsasını qoymuşduq. İngiltərədəki azərbaycanlılar haqqında heç təsəvvürüm belə yox idi. Bura gəlməmişdən öncə bir sıra azərbycanlı təşkilatlarından xəbər tutmuşdum sadəcə. Əksəri güney azərbaycanlılar tərəfindən qurulmuş təşkilatlar idi. Kontaktların götürmüşdüm və əlaqa saxlamağa çalışırdım. Görüşüb tanış olmaq üçün təklif edirdim, razılaşsalar da, daha sonra xəbər-ətər olmurdu.

Fikirləşirdim ki, bir neçə gənclə birgə maraqlı layihələr gerçəkləşdirə bilərik. İngiltərədə Azərbaycan televiziya kanalı aça biləcəyimiz haqqında danışırıdım. Ciddi qəbul eləmiridilə təbii ki. Heç vaxt da televiziya kanalı aça bilmədik onsuzda. 

Ancaq London Türk Radiosunda Azərbaycanla bağlı veriliş açmaq təklifimin qəbul olunması, ilk proqramımız günü keçirdiyimiz qarışıq hisslər yadımdan çıxmaz. Böyük uğur idi bizim üçün. Londondakı türk icmasının dinlədiyi radioda həftədə bir dəfə, iki saat boyunca Azərbaycan mahnılarını səsləndirir, müxtəlif mövzuları müzakirə edirdik. Adını isə "Salam Gətirmişəm" qoymuşduq. Hər həftə bir qonağım olurdu. Əsasən İngiltərədəki azərbaycan icmasının üzvləri iştirak edirdilər. 

Heç nədən nəyəsə nail olmuşduq. Bunu müvəffəqiyyət hesab eləyirdim və daha böyük işlər görə biləcəyimizə inamımı artırıdı, ruhlandırırdı. Sonra elə də oldu. Azərbaycanlı uşaqlar üçün həftə sonu məktəbi açdıq, hətta azərbaycan dilində qəzet çıxarmağa başladıq. Arazın ilk sayı işıq üzü görəndə keçirdiiyim hissləri yəqin ki, İngiltərəyə gələ bilmək üçün viza alarkən yaşadığım sevinclə müqayisə eləyə bilərəm.

Yəqin ki, bir neçə il öncə bu cür layihələrin həyata keçəcəyi barədə mənə danışsaydılar təəcüblənər, inanmazdım. Nailiyyətlərimiz isə davam eləyirdi. İnanın, bilmirəm bu necə baş verirdi. Pulumuz da yox idi. Ancaq samballı işlər görə biləcəyimizə elə inanırdım ki. Bəlkə elə buna görə baş tuturdu? Bizə kömək edən insanları tapırdıq. Yada onlar bizi.

Balaca bir film studiyası da qurmuşduq. Londonda yaşayan peşəkar kameraçı dostumuzla birgə azərbaycan icması haqqında sənədli film çəkməyə başlamışdıq. Sona çatdıra bilməsək belə, bir xeyli çəkiliş etmişdik. Sonra Londonda azərbaycanlıların mədəniyyət mərkəzinin - Azərbaycan Evinin yaradılmasında da iştirak etdik. Mərkəzdə Azərbaycan kitabxanası açmağı bacarmışdım. Bir xeyli kitab toplaya bilmişdik. İndidə durur. 

Daha çox işlər gördükcə də, daha çox azərbaycanlı ilə tanış oldurduq. Ətrafımızdakı gənclərin sayı artırdı. Rok qrupu belə qurmuşduq. 

Azərbaycanın dövlət qurumları ilə də əməkdaşlıq edirdik. Diaspora komitəsi, Azərbaycan səfirliyi ilə yaxın idik. Yeni səfir təyin olunandan sonra gördüyümüz işlərə bir xeyli dəstək də göstərirdilər. Ta ki, Azərbaycanda baş verən pozğun proseslərə açıq münasibət bildirənə kimi. Gənc bloqqerlər Emin və Adnan həbs olunandan sonra onların həbsinə etiraz kampaniyasında iştirak elədiyimə görə artıq gen durmağa başlamışdılar. Əməkdaşlıq ediriksə hakimiyyəti tənqid edə bilmərsən, hər şeyə göz yummalısan, ya bizimləsən, ya da gen gəz, başını sal aşağı, mədəniyyət tədbirləri təşkil elə yanaşması var idi. Mənsə kimliyimi müdafiədən, onu güclü görmək üçün iştirakdan əl çəkə bilməzdim. Bu mənim üçün çox önəmlidir. Yeni bir kimlik qazana bilməzdim ki. Harda yaşasam belə. Mümkün deyil. 

Artıq iki ildən çoxdur ki, ictimai işlərdən kənaram. Yemək süfrəsi ətrafında yığışaraq, təşkilatlanmaq haqqında qərardan başlamışdıq. Beş il məvacibsiz, könüllü ictimai fəaliyyətlə məşğul olmuşam. Bura gəlməsəydim bu parlaq beş ili də yaşamayacaqdım. Azərbaycanda yaradıcı ola biləcəyimə inanmırdım. Yaradıcıləq üçün azadlığı önəmli şərt hesab eləyirəm.

Azərbaycanlı Gənclər Klubunun Facebook səhifəsini isə hansısa bir sarsaq nəfərin elə keçirdiyini gördüm bu gün. Gərəksiz statuslar paylaşılır. Uzun zaman istifadəsizlikdəndir yəqin.

LTR-da verilişə dəvət alarkən əslində hər şeyin kökündə bu radioda Azərbaycan proqramı layihəsinin durduğunu xatırladım. Belə bir layihəni gerçəkləşdirə bilməyimiz özümə inam yaratmışdı. Bir il Londondakı türk icamsı üçün Azərbaycan haqqında danışmış oldum. Bu qədər aradan sonra dəvət aldığım radioda verilişin başlama saatını gözləyərkən bu beş il haqqında düşünürdüm.

Friday 5 October 2012

Məsələni Siyasiləşdirməyin!

Azərbaycanda qarşıdan prezident seçkiləri gəlir. Bəzi elementlər, ünsürlər indidən bu hadisəni siyasiləşdirməyə başlayıblar. Azərbaycanın sürətli inkişafını gözü götürməyən bu dairələr hətta, parlamenti belə siyasiləşdirməyə cəhd edirlər. Ayıb olsun!

Saturday 21 July 2012

"İsmayıllı Rayon demokratik qüvvələri əlaqələndirmə şurasının müraciəti"

Ismayıllı müxalifətinin 1995-ci ildə sakinlərə müraciəti. Xatirimdədi ki, insanlar iki səhifəlik bu müraciəti qorxa-qorxa paylaşır, oxuyurdular. Müraciətdə İsmayıllı sakinləri hakimiyyətə qarşı etiraza, Müsavat başqanı İsa Qəmbərin müdafiəsinə çağırılır. 
Müraciətdə həmin vaxtı İsmayıllı Rayonundakı problemlər də qabardılır. 
Mətndə irqçi izah var.


"İsmayıllı Rayon demokratik qüvvələri əlaqələndirmə şurasının müraciəti

Əziz Həmvətənlər!

Sosial-iqtisadi vəziyyətimizin çox ağır olduğu və irticanın baş alıb getdiyi bir vaxtda Sizə müraciət edirik!
Müdrik o insana, o xalqa deyirlər ki, ağır vəziyyətə düşmür. Ağıllı o insana, xalqa deyirlər ki, ağır vəziyyətdən düzgün çıxış yolu tapır. Ağılsızın aqibəti isə əvvəldən məlum oldur.
İndi biz kimik? 
Müdrik deyilik, çünki artıq ağır vəziyyətə düşmüşük. Ağılsız da deyilik, çünki düşünmək və vəziyyətdən çıxış yolu tapmaq imkanımız var. Deməli, ağıllı olmaq imkanımızı itirməmişik. Ona görə də bu gün bizə təklif olunan çıxış yollarına nəzr salaq:

1. Rus gəlsə, yaxşıdır. Heyif deyildi Sovet dövrü, Leonid İliç, Brejnev. Qənd bir manta, düyü bir manata və s. və i.a. Bu, keçmişi qaytarmaq arzusudur. Lakin keçmişi qaytarmaq, Brejnevi diriltmək mümkün deyil. Əgər mümkündürsə, gəlin Cavanşiri, Şah İsmayıl Xətaini, Cavad Xanı dirildək, Nizami Gəncəvi düvrünü qaytaraq ki, Azərbaycan çiçəklənmiş, mədəniyyət mərkəzinə çevrilmişdi. Təəssüf mümkün deyil. Onda Bundan başqa yol görməyənlərin bir çarəsi qalır, Allah göstərməsin, Brejnevin yanına getmək ki, bunu da arzulamırıq. Bir də Allah Çeçenistanda baş verənləri bizim kimilərə göztərməklə başa salıe ki, rus imperiyası (Rusiya imperiyası) çıxdığı yerə necə qayıdır. 20 yanvar 1990-cı ildə başımıza gələnləri artıq unutmuşuq, deyəsən. Yanvarın 1-də 250 ədəd rus zirehli texnikasını çeçenlər Qroznıda məhv etdilər. Görəsən, 50 zirehli texnika ilə rus ordusu (Rusiya ordusu) gələrsə, nə edərik. Buna qarşı hazırıqmı? Allah bilir!

2. Bu, Azərbaycan milli televiziyasının (AzTV) təklif etdiyi yollar, yəni dözmək yoludur. Rəhmətlik Sabir demişkən, Bəlayi-fəqrə düşdün, Razı ol biçarə səbr eylə. Evsiz, çörəksiz, işıqsız, susuz, nə bilim nəsiz də qalmaq olar, təki filankəsin canı sağ olsun, Allah bizim ömrümüzdən kəsib onun ömrünə calasın. Şeyx Nəsrullah ölü diriltmək vədi ilə camaatın başını piylədiyi kimi, bir manatlıq qənd, pulsuz çörək şüarları ilə başımızı piylədilər.
İndi sutkalarla növbələrdə dayanıb bir ədəd çörək almaqla özümüzü xoşbəxt sayırıq. Belə getsə, yer üzündə bizdən "xoşbəxt xalq" olmayacaq. Amma çeçen qadını rus hərbiçisinə dedi ki, biz azadlığı humanitar yardıma dəyişmirik. İbrət götürməli sözdür.
Bizə müvəqqəti atəşkəsi qələbə kimi təqdim ediblər. Bir milyon 200 min qaçqın və ərazimizin 20% -i hesabına əldə olunan atəşkəsin (Dağlıq Qarabağ üstəgəl yeddi rayon. Bəh! Bəh!) bundan on dəfə az itki ilə əldə edərdi. 
Lap sözləri qurtaranda iqtidar beyinlərə yeridir ki, bəs kim bizi ağır vəziyyətdən çıxara bilər? Yəni xalq bir nəfərdən ibarətdir? Yəni doğurdanmı biz qısır xalqıq, özümüz özümüzü idarə edə bilmirik? Bəs döyüşə-döyüşə Xankəndinin beş kilometrliyinə çatan, Dağlıq Qarabağın 40%-dən çoxunu azad edən biz deyilikmi? Nə oldu bizə? Yox, milli televiziyanın təbliğ etdiyi bu yol, insan kimi yaşamaq yox, sürünərək, tədricən məhv olmaq yoludur.

3. Əzizlərimiz, biz papaqlarımızı qənşərimizə qoyub yaxşı-yaxşı fikirləşsək, görərik ki, tək ötən il yarım ərzində biçarə vətənimizdən mövcud hakimiyyətdə olan keçmiş kommunistlərin və ya imperiya könüllülərinin (onlar müstəqillik sözünü bizi aldatmaq üçün işlədirdilər) xaricə daşıdığı sərvət yüz milyonlarla (dollardan söhbət gedir) ölçülür və bu sərvət bu xalqa çatsaydı, daxilə yönəldilsəydi güzaranımız indikindən 50 dəfə yaxşı olardı. Əsgərlərimiz kələm suyunun ümidinə qalmaz, mükəmməl silahlanar, yaxşı təlim keçər və yağı düşmən də torpaqlarımızı işğal edib bizim bəzi iqtidardakılar kimi şəhidlərimizi lağa qoyub, əlillərimizi təhqir etməzdilər.
Rayonumuzda isə tikinti işləri gedər, tikiş fabriki, elektroterm zavodu, ət kombinatı işləyər, su xətti başa çatar və biz də yavan çörəyin ümidinə qalmazdıq. Bəs niyə belə sərbəst şəkildə hər şeyi dağıdırlar, qayda-qanuna, camaatın rəyinə məhəl qoymurlar, həyasızlıq edirlər. Ona görə ki, xalqın etiraz səsi eşidilmir. Ona görə ki, biz indiki hakimiyyətdəkilərə nəzarət etmirik. Gözləyirik ki, bütün işləri kim isə bizim əvəzimizdən görəcək, nağıllardakı kimi bizi xilas edəcək. Lakin həyat nağıl deyil. 
Yada salın o günləri ki, biz deyirik: "Kişi gəlib hər şeyi düzəldəcək.". Amma İsa Qəmbər dedi ki, Heydər Əliyevin rəhbərliyi dövründə baş verəcək müsibətləri görməkdənsə, həbsdə oturmaq yaxşıdır. Bu gün 4 iyun Gəncə qiyamının mahiyyəti artıq açılıb. Bəli, Azərbaycana xəyanət olunub. Lakin əsl xəyanətkar və canilərin deyil, İsa Qəmbər və digərləri haqda heç bir qayda-qanuna sığmayan hökm çıxarmaq istəyirlər. Ay əzizlərimiz, İsa Qəmbər kimi ləyaqətli, ağıllı uzaqgörən və cəsarətli siyasətçini, lideri medafiə etməsək, bizimlə Antarktidadakı pinqvinlərin arasında nə fərq var? Məgər İsa bəyi qorumaqla özümüzü qorumuruqmu, haqsızlığın qarşısını almırıqmı?!
Ramiz Rövşən demişkən, "bir yerdə ölməyə məhkum olunduğumuza görə birləşməli və yaşamaq haqqımızı qorumalıyıq". 
Odur ki, Sizi etiraz səsinizi qaldırmağa, kütləvi aksiyalara başlamağa, İsa Qəmbəri müdafiə etməyə, öz insanlıq hüquqlarınızı qorumağa çağırırıq. 
Mitinq, müşavirə və ya yığıncaqlara gələrkən aşağıdakı suallara da cavab tapmağa çalışın:

1. Rayonda mal-qaranın diri çəkisi azaldığı halda kimlərin diri çəkisi artır?
2. Balam ölsün mən rüşvət almıram ifadəsi kimə məzsusdur?
3. İsmayıllı Rayonunu kimlər şərik işlədirlər? Onlardan hansı xaç atasıdır, hansı əlaltı?
4. "Xudafərin" müəssisəsinin İsmayıllı ilə dostluq əlaqələri nə vaxtdan başlayır və hansı məzmundadır?
5. Rayon təsərrüfatlarında südü nəğd pula litri 500 manatdan satıb harada 120 manata rəsmiləşdirmək olar və aradakı 380 manat kimlər arasında hansı faizlə bölünməlidir?
6. Mövcud respublika rəhbərliyi V.Rəhimovun (Həmin dövürdə İsmayıllının icra başçısı olumuş Vaqif Rəhimov) nəyinə aşiq olub? Puluna, qaş-gözünə, savadına, yoxsa "istinni müsəlman" olmağına?
7. Neçə daş Şəhidlər Xiyabanına qoyulub, neçə daş icra başçısının eşiyinə? Neçə tikinti idarəsi Şəhidlər Xiyabanında işləyib, neçəsi yenə icra başçısının həyətində?
8. "İcra başçısı deyir uzan, uzanıram. Nəkarəyəm uzanmayım? Və hamı mənim kimi etməlidir" ifadəsi icra başçılarından hansına məxsusdur?

Suallara düzgün cavablar rayonun demokratik qüvvələrinin tədbirlərində mükavatlandırılacaq. Sayıq olun. Şansınızı əldən verməyin.

Hörmətlə,

İsmayıllı Rayon demokratik qüvvələri əlaqələndirmə şurası

03.01.1995"

Sunday 1 April 2012

Hakimiyyətin diqqət və qayğısı

Yaxınlarda britaniyalı bir facebook dostum gündəmə etirazını bildirməkçün facebookda "Britaniya dünyanın ən pis ölkəsidi" yazmişdı. Sonra statusa müxtəlif şərhlər gəldi. Mən də bu fikirlə razılaşmadığımı, əksinə Britaniyanın dünyanın ən yaşamalı yerlərindən biri olduğunu düşündüyümü yazdım. Cavab olaraq bir facebook istifadəçisi məni dünyaya açıq gözlə baxmamaqda qınadı. Qarşılığında isə fikrimi daha geniş ifadə eləmək üçün yazdım ki, Britaniya dünyanın ən qabaqcıl, sivil, yaşamalı ölkələrindən biridi. Münasibətimi, ne demək istədiyimi anlamaqçün demokratik üsul idarənin, insan haqlarına hörmətin, azad sözün, azad medianın ümumiyyətlə azad mühitin olmadığı məkanda doğulub böyümek lazımdı. Bu yazdıqlarıma isə cavab gəlmədi. Əminəm ki, əgər bütün bunlara əlavə olaraq hakimiyyətin müxalifət qəzeti əməkdaşının intim görüntülərini lentə alıb tv kanallarında nümayiş etdirildiyi, bunun ciddi cinayət əməli olmasına baxmayaraq heç kimin məsuliyyətə cəlb edilmədiyi ve televiziya kanalının cəzalandırılmadığı, daha sonra prezidentin şəxsi biznesini araşdıran jurnalistin evində kamera quraşdırıb intim görüntülərini lentə alıb onun şantajla hədələndiyi, video görüntülərin internet məkanında yayımlandığı ve hətta rəsmi qəzetlərin birində video görüntülərdın istifadə edib jurnalistin şəxsi həyatına çirkin münasibətin bildirildiyi faktlarını da sadalasaydım mütləq cavab gələrdi ki, nə yaxşı ki orda doğulmamışam, sivil dünyanın vətəndaşıyam

Saturday 10 March 2012

Pozğun Qərb

Mədəniyyətsizliyin, qeyri sivil münasibətlərin, avtoritar idarəçiliyin, qapalı və qeyri azad toplumun yaratdığı mühitdən can qurtarmağa fürsət axtarıb, mütərəqqi sivilizasiyaya - Qərbə qaçıb sonra da ibtidai vərdişlərinin, mürtəce düşüncə tərzinin daha üstün olduğu barədə düşünüb danışanda bu cür mənzərə yaranır. Mütərəqqi Qərbin təklif elədiyi dəyərlərdən faydalanıb öz mürtəce kimliyi ilə qürrələnmək.

Tuesday 17 January 2012

Min, get

Mən qavramaqda çətinlik çəkirəm ki, Azərbaycanın Avropa ailəsində nə işi var. Birincisi hakimiyyət ölkəni totalitar üsulla idarə edir. Bu Avropadakı insan haqları və qanunun aliliyi prinsiplərinə ziddir. Neçə illərdir nəyinki təkamül, deqredasiya baş verir. Bundan savayı isə ümumiyyətlə bu ölkənin insanı mütərəqqi qərb sivilizasiyasının tərkibi olmaq haqqında düşünmür, buna can atmaqdan çəkinir. Onun üçün bu maraqlı deyil. Onun Azərbaycanın gələcəyi üçün visionu da mürtəce şərqlə bağlıdır. Məsələn, mən bilirəm ki Azərbaycanda xeyli insanla rastlaşmaq mümkündür ki, ölkəsinin gələcəkdə "böyüyüb" Küveyt olacağına ümid bəsləyir və ya Bakını Dubay kimi "parlaq" gələcəyin gözlədiyinə inanır. Bu istiqamətdə xeyli cəhd də var əslində. Bakının Avropa keçmişi məhv edilir, yerində palma ağacları əkilir, şərqin hündür mərtəbəli binaları ilə bəhsə girilir. Çox az adam tapmaq mümkündür ki, Azərbaycanda nə vaxtsa, məsələn, Skandinaviyadakı kimi qabaqcıl həyat tərzinin mümkünlüyü barədə düşünsün. Əli və Nino əsərinin başlanğıcında təsvir edildiyi kimi sinifdə yalnız etnik azərbaycanlılar ehtirasla yaşadıqları şəhərin şərqə aid olmasını arzulayırlar. Məncə bir vasitə ilə bu proqressiv ailəni, sivilizasiyanı tərk edib kökə qovuşmaq, zövqsüzləşərək, bayağılaşaraq universitetləri, kitabxanaları məhv etmək, daha böyük şadlıq sarayları tikib bu prosesi başa çatdırmaq lazımdır.