Tuesday 30 October 2012

Kopoğlunun...

Zaman dəyişsə də azərbaycanlılar dəyişmir (ümumiləşdirdiyim üçün üzr istəyirəm). Məsələn, 19-cu əsrdə azərbaycanlı mütəfəkkirlər tərəfindən təsvir olunan azərbaycanlı ilə bu günkü azərbaycanlı arasında mahiyyətcə heç bir fərq yoxdur.
Azərbaycanlılar hələ də əlləri cibində başqalarına həsəd aparır ancaq, öz ibtidai (primitiv), mürtəce həyat tərzi və yanaşmalarından əl çəkmirlər. Onlar qabaqcıl mədəniyyətlərə həsəd aparsalar da, öz cahil ənənələrinin daha yüksək və dəyərli olduğuna inanırlar, "Qərbin yaxşısını götürüb, pisini rədd etmək lazımdır" kimi gərəksiz və sarsaq fikirlər səsləndirməyə davam edirlər. Maarifpərvər, cəmiyyətdə azadlıqların möhkəmlənməsinə, proqresə xidmət edən bütün fikirləri "mentalitetimizə ziddir" deyə inkar edirlər. Güman eləyirlər ki, Qərb əxlaqsızdır ancaq, məsələn, fərdlərin həyatına müdaxiləni, yaltaqlığı əxlaqsızlıq hesab etmirlər.
Müxtəsərcə, azərbaycanlı 21-ci əsrdə də əlləri cibində, Qərbə baxıb həsəd aparır...

Sunday 28 October 2012

Bura zibil atanın...

Bakıda sakinlər yaşadıqları məhəllənin, mənzillərinin ətrafının zibillənməsinə etiraz olaraq divarlarda yazırlar adətən. Bura zibil atanın... Bu üç nöqtənin yerində isə müxtəlif sözlər olur. Fikirlərini, münasibətlərini sərt şəkildə ifadə etməyə çalışan sakinlər müxtəlif söyüş və irqçi sözlərdən istifadə eləyirlər.
Əsasən kommunal xidmətlərin yararsızlığı, çalışmaması nəticəsində yaranan mənzərə. Sistemdəki çatışmamazlıq, pozğunluq..

Altı il sonra yenidən türk radiosu


Keçən həftə, düz altı il aradan sonra ilk dəfə Londonda yerləşən türk radiosu - LTR -ın studiasında oldum. Radionun əməkdaşı, Məsud Akın verilişinə dəvət etmişdi. Azərbycan haqqında danışmalı idik. Bildiklərimi, düşündüklərimi bölüşdüm dinləyicilərlə. Biraz tarixindən söhbət etdik. Birinci respublikanın bizim üçün əhəmiyyətini vurğuladım, indi baş verənlərdən danışdıq. Neftdən, Qarabağ konfliktindən, korrupsiyaya qurşanmış, pozğun sistemdən, repressiv rejimdən, qeyri azad mühitdən biliyim yol verdiyi qədər bəhs elədim. Bir sözlə, Azərbaycan həqiqətləri. Sonra Əzizə Mustafazadənin musiqisini oxutdular. Müəllif Musatafazadə pərəstişkarı imiş.

Daha sonra radionun yeni rəhbərliyi yeni bir proqramda davamlı iştirakımı təklif elədi. Azərbaycanla bağlı, lap elə yeddi il bundan öncə efirə çıxmış "Salam Gətirmişəm" kimi…

2005-ci ildə tanış bir neçə azərbaycanlı tələbəylə birgə Londonda Azərbaycanlı Gənclər Klubunun əsasını qoymuşduq. İngiltərədəki azərbaycanlılar haqqında heç təsəvvürüm belə yox idi. Bura gəlməmişdən öncə bir sıra azərbycanlı təşkilatlarından xəbər tutmuşdum sadəcə. Əksəri güney azərbaycanlılar tərəfindən qurulmuş təşkilatlar idi. Kontaktların götürmüşdüm və əlaqa saxlamağa çalışırdım. Görüşüb tanış olmaq üçün təklif edirdim, razılaşsalar da, daha sonra xəbər-ətər olmurdu.

Fikirləşirdim ki, bir neçə gənclə birgə maraqlı layihələr gerçəkləşdirə bilərik. İngiltərədə Azərbaycan televiziya kanalı aça biləcəyimiz haqqında danışırıdım. Ciddi qəbul eləmiridilə təbii ki. Heç vaxt da televiziya kanalı aça bilmədik onsuzda. 

Ancaq London Türk Radiosunda Azərbaycanla bağlı veriliş açmaq təklifimin qəbul olunması, ilk proqramımız günü keçirdiyimiz qarışıq hisslər yadımdan çıxmaz. Böyük uğur idi bizim üçün. Londondakı türk icmasının dinlədiyi radioda həftədə bir dəfə, iki saat boyunca Azərbaycan mahnılarını səsləndirir, müxtəlif mövzuları müzakirə edirdik. Adını isə "Salam Gətirmişəm" qoymuşduq. Hər həftə bir qonağım olurdu. Əsasən İngiltərədəki azərbaycan icmasının üzvləri iştirak edirdilər. 

Heç nədən nəyəsə nail olmuşduq. Bunu müvəffəqiyyət hesab eləyirdim və daha böyük işlər görə biləcəyimizə inamımı artırıdı, ruhlandırırdı. Sonra elə də oldu. Azərbaycanlı uşaqlar üçün həftə sonu məktəbi açdıq, hətta azərbaycan dilində qəzet çıxarmağa başladıq. Arazın ilk sayı işıq üzü görəndə keçirdiiyim hissləri yəqin ki, İngiltərəyə gələ bilmək üçün viza alarkən yaşadığım sevinclə müqayisə eləyə bilərəm.

Yəqin ki, bir neçə il öncə bu cür layihələrin həyata keçəcəyi barədə mənə danışsaydılar təəcüblənər, inanmazdım. Nailiyyətlərimiz isə davam eləyirdi. İnanın, bilmirəm bu necə baş verirdi. Pulumuz da yox idi. Ancaq samballı işlər görə biləcəyimizə elə inanırdım ki. Bəlkə elə buna görə baş tuturdu? Bizə kömək edən insanları tapırdıq. Yada onlar bizi.

Balaca bir film studiyası da qurmuşduq. Londonda yaşayan peşəkar kameraçı dostumuzla birgə azərbaycan icması haqqında sənədli film çəkməyə başlamışdıq. Sona çatdıra bilməsək belə, bir xeyli çəkiliş etmişdik. Sonra Londonda azərbaycanlıların mədəniyyət mərkəzinin - Azərbaycan Evinin yaradılmasında da iştirak etdik. Mərkəzdə Azərbaycan kitabxanası açmağı bacarmışdım. Bir xeyli kitab toplaya bilmişdik. İndidə durur. 

Daha çox işlər gördükcə də, daha çox azərbaycanlı ilə tanış oldurduq. Ətrafımızdakı gənclərin sayı artırdı. Rok qrupu belə qurmuşduq. 

Azərbaycanın dövlət qurumları ilə də əməkdaşlıq edirdik. Diaspora komitəsi, Azərbaycan səfirliyi ilə yaxın idik. Yeni səfir təyin olunandan sonra gördüyümüz işlərə bir xeyli dəstək də göstərirdilər. Ta ki, Azərbaycanda baş verən pozğun proseslərə açıq münasibət bildirənə kimi. Gənc bloqqerlər Emin və Adnan həbs olunandan sonra onların həbsinə etiraz kampaniyasında iştirak elədiyimə görə artıq gen durmağa başlamışdılar. Əməkdaşlıq ediriksə hakimiyyəti tənqid edə bilmərsən, hər şeyə göz yummalısan, ya bizimləsən, ya da gen gəz, başını sal aşağı, mədəniyyət tədbirləri təşkil elə yanaşması var idi. Mənsə kimliyimi müdafiədən, onu güclü görmək üçün iştirakdan əl çəkə bilməzdim. Bu mənim üçün çox önəmlidir. Yeni bir kimlik qazana bilməzdim ki. Harda yaşasam belə. Mümkün deyil. 

Artıq iki ildən çoxdur ki, ictimai işlərdən kənaram. Yemək süfrəsi ətrafında yığışaraq, təşkilatlanmaq haqqında qərardan başlamışdıq. Beş il məvacibsiz, könüllü ictimai fəaliyyətlə məşğul olmuşam. Bura gəlməsəydim bu parlaq beş ili də yaşamayacaqdım. Azərbaycanda yaradıcı ola biləcəyimə inanmırdım. Yaradıcıləq üçün azadlığı önəmli şərt hesab eləyirəm.

Azərbaycanlı Gənclər Klubunun Facebook səhifəsini isə hansısa bir sarsaq nəfərin elə keçirdiyini gördüm bu gün. Gərəksiz statuslar paylaşılır. Uzun zaman istifadəsizlikdəndir yəqin.

LTR-da verilişə dəvət alarkən əslində hər şeyin kökündə bu radioda Azərbaycan proqramı layihəsinin durduğunu xatırladım. Belə bir layihəni gerçəkləşdirə bilməyimiz özümə inam yaratmışdı. Bir il Londondakı türk icamsı üçün Azərbaycan haqqında danışmış oldum. Bu qədər aradan sonra dəvət aldığım radioda verilişin başlama saatını gözləyərkən bu beş il haqqında düşünürdüm.

Friday 5 October 2012

Məsələni Siyasiləşdirməyin!

Azərbaycanda qarşıdan prezident seçkiləri gəlir. Bəzi elementlər, ünsürlər indidən bu hadisəni siyasiləşdirməyə başlayıblar. Azərbaycanın sürətli inkişafını gözü götürməyən bu dairələr hətta, parlamenti belə siyasiləşdirməyə cəhd edirlər. Ayıb olsun!