Friday 28 December 2012

Ə -ni çevirmək ehtirası

Onun missiyası var. Bu, onunçün önəmlidir. Azərbaycan dilindəki æ səsini şəkilləndirən ə işarəsini dəyişməlidir. Onu yuvarlayıb e etməli, ya da yerinə başqa bir şey qoymalıdır. Heç kim bilmir niyə, ancaq o ehtirasla bu işin öhdəsindən gəlməyə çalışır. Bəlkə də ifrat ölçüdə sevdiyi türk dilində (Türkiyə Respublikasının rəsmi dili) belə səs və işarə olmadığı üçünʔ 
Həvəslə inanmağa çalışır ki, əslində azərbaycan əlifbasının aid olduğu latın qrafikasında bu cür işarə yoxdur. Onun üçün maraqlı deyil ki, latın qrafikasından istifadə edən, məsələn, Türkiyə də daxil olmaqla Şərqi Avropa xalqları öz əlifbalarında, dillərindəki fərqli səslərə uyğun fərqli işarələrdən istifadə edirlər. Məsələn, estonlar başqa latın qrafikalı əlifbalarda istifadə olunmur deyə, yazılı eston dilindəki Õ hərfini yıxmağa cəht etmirlər. 
Yaxud da, keçən əsr boyu sayını unutduğumuz qədər dəyişikliyə məruz qalmış azərbaycan əlifbası növbəti dəyişikliklə hansı problemləri yarada bilər və s.
Məsələ burasındadır ki, bütün bunlar onun üçün qətiyyən maraqlı deyil. Onun missiyası var, Ə -ni çevirməlidir. 

Saturday 22 December 2012

Bərkgedən çevrə

Çayxanada bir qrup "bərkgedən", tünd xasiyyəti olan tanışınla oturub çay içirsən. Söhbət mövzusu da adətən ya avtomobil, ya cinsi münasibətlər- bazlıq ya da razborkalar, sınmalar-sındırmlar olur. Çevrənin hər bir üzvü danışıq tərzi, mimikası, jesti və seçdiyi sözlərlə sanki meydan oxuyur, özünün sərt, ciddi və qızbaz imicini formalaşdırmağa çalışır. Beləliklə, qorxmaz birisi olduğunu nümayiş etdirmək istəyir.  Çevrənin bütün üzvləri bax beləcə, çəkinməzdir-"qabağındanyeməz". 
Birdən adəti mövzulardan kənar bir şey haqqında danışmağa başlayırsan. Hakimiyyətin azadlıqları boğduğundan, qeyri demokratik idarəçilikdən, sərt rejimdən, korrupsiya uğramış sistemdən və s. Vətəndaş, insan kimi səni qayğılandıran mövzudan. Qəfil bir sükut çökür. Hər kəs astadan danışmağa başlayır. Ətrafa nəzər yetirilir ki, xəfiyyə olar. Bəziləri siyasətlə maraqlanmır, aralarından biri "biraz yavaş, eşidən olar", ya da "divarların da qulağı var" deyib səni mövzudan yayındırmağa çalışır. 
Mat qalırsan ki, axı bir az öncə bir neçə "bərkgedən" insanın arasında idin, nə baş verdi?