Saturday 21 July 2012

"İsmayıllı Rayon demokratik qüvvələri əlaqələndirmə şurasının müraciəti"

Ismayıllı müxalifətinin 1995-ci ildə sakinlərə müraciəti. Xatirimdədi ki, insanlar iki səhifəlik bu müraciəti qorxa-qorxa paylaşır, oxuyurdular. Müraciətdə İsmayıllı sakinləri hakimiyyətə qarşı etiraza, Müsavat başqanı İsa Qəmbərin müdafiəsinə çağırılır. 
Müraciətdə həmin vaxtı İsmayıllı Rayonundakı problemlər də qabardılır. 
Mətndə irqçi izah var.


"İsmayıllı Rayon demokratik qüvvələri əlaqələndirmə şurasının müraciəti

Əziz Həmvətənlər!

Sosial-iqtisadi vəziyyətimizin çox ağır olduğu və irticanın baş alıb getdiyi bir vaxtda Sizə müraciət edirik!
Müdrik o insana, o xalqa deyirlər ki, ağır vəziyyətə düşmür. Ağıllı o insana, xalqa deyirlər ki, ağır vəziyyətdən düzgün çıxış yolu tapır. Ağılsızın aqibəti isə əvvəldən məlum oldur.
İndi biz kimik? 
Müdrik deyilik, çünki artıq ağır vəziyyətə düşmüşük. Ağılsız da deyilik, çünki düşünmək və vəziyyətdən çıxış yolu tapmaq imkanımız var. Deməli, ağıllı olmaq imkanımızı itirməmişik. Ona görə də bu gün bizə təklif olunan çıxış yollarına nəzr salaq:

1. Rus gəlsə, yaxşıdır. Heyif deyildi Sovet dövrü, Leonid İliç, Brejnev. Qənd bir manta, düyü bir manata və s. və i.a. Bu, keçmişi qaytarmaq arzusudur. Lakin keçmişi qaytarmaq, Brejnevi diriltmək mümkün deyil. Əgər mümkündürsə, gəlin Cavanşiri, Şah İsmayıl Xətaini, Cavad Xanı dirildək, Nizami Gəncəvi düvrünü qaytaraq ki, Azərbaycan çiçəklənmiş, mədəniyyət mərkəzinə çevrilmişdi. Təəssüf mümkün deyil. Onda Bundan başqa yol görməyənlərin bir çarəsi qalır, Allah göstərməsin, Brejnevin yanına getmək ki, bunu da arzulamırıq. Bir də Allah Çeçenistanda baş verənləri bizim kimilərə göztərməklə başa salıe ki, rus imperiyası (Rusiya imperiyası) çıxdığı yerə necə qayıdır. 20 yanvar 1990-cı ildə başımıza gələnləri artıq unutmuşuq, deyəsən. Yanvarın 1-də 250 ədəd rus zirehli texnikasını çeçenlər Qroznıda məhv etdilər. Görəsən, 50 zirehli texnika ilə rus ordusu (Rusiya ordusu) gələrsə, nə edərik. Buna qarşı hazırıqmı? Allah bilir!

2. Bu, Azərbaycan milli televiziyasının (AzTV) təklif etdiyi yollar, yəni dözmək yoludur. Rəhmətlik Sabir demişkən, Bəlayi-fəqrə düşdün, Razı ol biçarə səbr eylə. Evsiz, çörəksiz, işıqsız, susuz, nə bilim nəsiz də qalmaq olar, təki filankəsin canı sağ olsun, Allah bizim ömrümüzdən kəsib onun ömrünə calasın. Şeyx Nəsrullah ölü diriltmək vədi ilə camaatın başını piylədiyi kimi, bir manatlıq qənd, pulsuz çörək şüarları ilə başımızı piylədilər.
İndi sutkalarla növbələrdə dayanıb bir ədəd çörək almaqla özümüzü xoşbəxt sayırıq. Belə getsə, yer üzündə bizdən "xoşbəxt xalq" olmayacaq. Amma çeçen qadını rus hərbiçisinə dedi ki, biz azadlığı humanitar yardıma dəyişmirik. İbrət götürməli sözdür.
Bizə müvəqqəti atəşkəsi qələbə kimi təqdim ediblər. Bir milyon 200 min qaçqın və ərazimizin 20% -i hesabına əldə olunan atəşkəsin (Dağlıq Qarabağ üstəgəl yeddi rayon. Bəh! Bəh!) bundan on dəfə az itki ilə əldə edərdi. 
Lap sözləri qurtaranda iqtidar beyinlərə yeridir ki, bəs kim bizi ağır vəziyyətdən çıxara bilər? Yəni xalq bir nəfərdən ibarətdir? Yəni doğurdanmı biz qısır xalqıq, özümüz özümüzü idarə edə bilmirik? Bəs döyüşə-döyüşə Xankəndinin beş kilometrliyinə çatan, Dağlıq Qarabağın 40%-dən çoxunu azad edən biz deyilikmi? Nə oldu bizə? Yox, milli televiziyanın təbliğ etdiyi bu yol, insan kimi yaşamaq yox, sürünərək, tədricən məhv olmaq yoludur.

3. Əzizlərimiz, biz papaqlarımızı qənşərimizə qoyub yaxşı-yaxşı fikirləşsək, görərik ki, tək ötən il yarım ərzində biçarə vətənimizdən mövcud hakimiyyətdə olan keçmiş kommunistlərin və ya imperiya könüllülərinin (onlar müstəqillik sözünü bizi aldatmaq üçün işlədirdilər) xaricə daşıdığı sərvət yüz milyonlarla (dollardan söhbət gedir) ölçülür və bu sərvət bu xalqa çatsaydı, daxilə yönəldilsəydi güzaranımız indikindən 50 dəfə yaxşı olardı. Əsgərlərimiz kələm suyunun ümidinə qalmaz, mükəmməl silahlanar, yaxşı təlim keçər və yağı düşmən də torpaqlarımızı işğal edib bizim bəzi iqtidardakılar kimi şəhidlərimizi lağa qoyub, əlillərimizi təhqir etməzdilər.
Rayonumuzda isə tikinti işləri gedər, tikiş fabriki, elektroterm zavodu, ət kombinatı işləyər, su xətti başa çatar və biz də yavan çörəyin ümidinə qalmazdıq. Bəs niyə belə sərbəst şəkildə hər şeyi dağıdırlar, qayda-qanuna, camaatın rəyinə məhəl qoymurlar, həyasızlıq edirlər. Ona görə ki, xalqın etiraz səsi eşidilmir. Ona görə ki, biz indiki hakimiyyətdəkilərə nəzarət etmirik. Gözləyirik ki, bütün işləri kim isə bizim əvəzimizdən görəcək, nağıllardakı kimi bizi xilas edəcək. Lakin həyat nağıl deyil. 
Yada salın o günləri ki, biz deyirik: "Kişi gəlib hər şeyi düzəldəcək.". Amma İsa Qəmbər dedi ki, Heydər Əliyevin rəhbərliyi dövründə baş verəcək müsibətləri görməkdənsə, həbsdə oturmaq yaxşıdır. Bu gün 4 iyun Gəncə qiyamının mahiyyəti artıq açılıb. Bəli, Azərbaycana xəyanət olunub. Lakin əsl xəyanətkar və canilərin deyil, İsa Qəmbər və digərləri haqda heç bir qayda-qanuna sığmayan hökm çıxarmaq istəyirlər. Ay əzizlərimiz, İsa Qəmbər kimi ləyaqətli, ağıllı uzaqgörən və cəsarətli siyasətçini, lideri medafiə etməsək, bizimlə Antarktidadakı pinqvinlərin arasında nə fərq var? Məgər İsa bəyi qorumaqla özümüzü qorumuruqmu, haqsızlığın qarşısını almırıqmı?!
Ramiz Rövşən demişkən, "bir yerdə ölməyə məhkum olunduğumuza görə birləşməli və yaşamaq haqqımızı qorumalıyıq". 
Odur ki, Sizi etiraz səsinizi qaldırmağa, kütləvi aksiyalara başlamağa, İsa Qəmbəri müdafiə etməyə, öz insanlıq hüquqlarınızı qorumağa çağırırıq. 
Mitinq, müşavirə və ya yığıncaqlara gələrkən aşağıdakı suallara da cavab tapmağa çalışın:

1. Rayonda mal-qaranın diri çəkisi azaldığı halda kimlərin diri çəkisi artır?
2. Balam ölsün mən rüşvət almıram ifadəsi kimə məzsusdur?
3. İsmayıllı Rayonunu kimlər şərik işlədirlər? Onlardan hansı xaç atasıdır, hansı əlaltı?
4. "Xudafərin" müəssisəsinin İsmayıllı ilə dostluq əlaqələri nə vaxtdan başlayır və hansı məzmundadır?
5. Rayon təsərrüfatlarında südü nəğd pula litri 500 manatdan satıb harada 120 manata rəsmiləşdirmək olar və aradakı 380 manat kimlər arasında hansı faizlə bölünməlidir?
6. Mövcud respublika rəhbərliyi V.Rəhimovun (Həmin dövürdə İsmayıllının icra başçısı olumuş Vaqif Rəhimov) nəyinə aşiq olub? Puluna, qaş-gözünə, savadına, yoxsa "istinni müsəlman" olmağına?
7. Neçə daş Şəhidlər Xiyabanına qoyulub, neçə daş icra başçısının eşiyinə? Neçə tikinti idarəsi Şəhidlər Xiyabanında işləyib, neçəsi yenə icra başçısının həyətində?
8. "İcra başçısı deyir uzan, uzanıram. Nəkarəyəm uzanmayım? Və hamı mənim kimi etməlidir" ifadəsi icra başçılarından hansına məxsusdur?

Suallara düzgün cavablar rayonun demokratik qüvvələrinin tədbirlərində mükavatlandırılacaq. Sayıq olun. Şansınızı əldən verməyin.

Hörmətlə,

İsmayıllı Rayon demokratik qüvvələri əlaqələndirmə şurası

03.01.1995"