Thursday 4 April 2013

BBC azərbaycanca xidmətində dərc edilmiş "Facebook gündəliyi: Sosial Media və şəxsi münasibətlər" mövzusunda yazılarım

BBC azərbaycanca xidməti, 26 mart 2010

Facebook gündəliyimizin ikinci hissəsi "Sosial media və şəxsi münasibətlər" adlanır.

Sosial media öz istifadəçilərinə xəbərlər, eləcə də bir-birinə çıxış imkanı verir. Sosial media online şəbəkələr vasitəsilə bir-birilə əlaqə saxlayan insanların həyatını necə dəyişir?

Bu suallara "Sosial media və şəxsi münasibətlər" mövzusunda gündəliyi yazan, Londonda yaşayan azərbaycanlı Vüsal Həmzəyev cavab verəcək. Vüsal deyir ki, yeni media onun həyatını dəyişib. Çünki Vüsal məhz Facebook-da nişanlanıb.

1. Virtual dünyanın vətəndaşları

Hərdən bir çox tanıdıqlarım kimi Facebook-dan bezirəm. Şikayətlənirəm ki, vaxtımı boş yerə sərf etməyimə səbəb olur. Bəzən də imtina etmək istəyirəm hesabımdan. Ancaq bunu edə bilmirəm.
Facebook-un mənim həyatımda artıq fərqli statusu var.

Mən əslində heç vaxt Facebookdan şəxsi münasibətlər qurmaq üçün istifadə etmək haqqında düşünməmişəm. Səmimiyəm. Facebbokda hesab açmağıma səbəb bir dostum olub. Video reportaj hazırlamaq üçün şəkillərdən istifadə etməli idim və mənə lazım olacaq foto şəkilləri Facebook-da tapa biləcəyimi söylədi.

Bunun üçün qeydiyyatdan keçməli idim. Ancaq sonra Facebook getdikcə daha da maraqlı olmağa başladı mənim üçün. Daha doğrusu faydalı. Əminəm ki, Facebook istifadəçiləri arasında fərqli yanaşmalar var, Facebookdan hansı məqsədlə istifadə etmək baxımından. Xüsusilə facebookdan təbliğat məqsədilə istifadə etmək yayğınlaşmaqdadır.

Azərbaycan kimi alternativ imkanların məhdud olduğu bir ölkənin vətəndaşları üçün Facebook bu imkanları yaradır - yararlanmaq istəyənlər üçün. Dostlarının sayı artdıqca imkanlar da genişlənir. Bir çox tanınmış siyasətçilər, incəsənət adamları və s. də bu imkanlardan yararlanmağa başlayırlar.

Adətən dostluq təklifi göndərdiyim şəxslərdən bəziləri (böyük əksəriyyəti ilə şəxsi tanışlığım olmur) şəxsi məktub yazaraq öncədən tanış olub-olmadığımızla maraqlanırlar. Mənmim izahım isə dəyişməzdir: “Əmin deyiləm, bəlkə də tanış deyilik. Dostluq təklifi göndərməkdə məqsədim facebookda dostlar şəbəkəmi genişləndirmək, daha çox insanla rabitə saxlamaq imkanı əldə etməkdir”.

Mən bilirəm ki, bir çox Facebook istifadəçisi də sırf şəxsən tanıdığı insanlarla dost olmağa üstünlük verir. Təbii ki, facebook əks cinsdən olan istifadəçilərin arasında şəxsi münasibətlərin yaranması üçün də əlverişlidir.

Facebook və şəxsi münasibətlər mövzusu maraqlıdır. Facebook get-gedə nəhəng virtual ölkəyə çevrilməkdədir. Onun vətəndaşları üçün bu mövzu maraqlıdır. Burda şəxsi münasibətlər qurula da bilər, korlana da bilər, heç tanımadığın, görmədiyin insanlarla yaxın dost da ola bilərsən, hətta sevgi də yarana bilər, daha sonra ailə həyatına aparacaq münasibətlərə qədər. Bəli, bu mümkündür. Buna əminəm, çünki bu mənim təcrübəmdə baş verib.

Facebook istifadəçiləri üçün yaradılmış canlı söhbət imkanı əslində bir o qədər də əlverişli deyil. Şəxsən mənim üçün əlverişli olmadığı üçün bunu yazıram. Bu həm texniki, həm də vaxtın nisbətən sərfəsiz yerə xərclənməsi baxımdın əlverişsizdir.

Hər halda istifadəçilərinin sayı çox olduğuna görə Facebook söhbət də yetərincə zəyif işləyir, donur və s. Mən çox nadir hallarda bu imkandan istifadə etmək haqqında düşünürəm. Bu adətən dostlarımın arasından kiməsə konkret sualım olduğu zaman, kiminləsə təcili müzakirə etməyə ehtiyacım olduğu zaman və çox az hallarda isə işim olmadığı zaman baş verir.

Facebook söhbət xətti açıq olarkən bəzən heç vaxt görüşmədiyimiz, lakin facebookda dost olduğum istifadəçilərin suallarına cavab verirəm. Təbii ki, bir çox hallarda söhbət bizim niyə Facebookda dost olduğumuzdan başlayır, daha sonra bəzən əcnəbi ölkədə Azərbaycanla bağlı ictimai fəaliyyətlər ətrafında söhbət ola bilir. Ya da xaricdə təhsil və yaşamaq imkanları. Fərqli halda sadəcə istirahət etmək və əylənmək üçün söhbət edirsən. Hər bu cür səhbətlərin kökündə fərqli maraqlar yatır təbii ki.

Mən hal-hazırda münasibətdəyəm və buna səbəb Facebook olub. Hə, eynən Facebook söhbətin yaratdığı həmin imkanın sayəsində mən hazırkı qız dostumla tanmış olmuşam. Bənzər başlanğıc daha sonra fərqli şəxsi münasibətə çevrilib.

Bu başlanğıcın heç unutmayacağım tərəfi isə “düzü, mən size tanımadım” cümləmə bir xeyli müddətdən sonra “siz məni əlavə etmisiz dost kimi, mən də qəbul eləmişəm” cavabıdır.

25 mart, London


2. Alternativ imkanlar

Öncəki yazımda qeyd etdiyim kimi Facebook Azərbaycan kimi alternativ imknaların məhdud olduğu, azad medianın demək olar ki mövcud olmadığı bir ölkənin vətəndaşları üçün yeni alternativ imkanlar təqdim edir əslində.

Virtual dünyanın nəhəng sosial şəbəkəsi hesab olunan Facebookda daha çox dostlar qazanmaqla, şəbəkəni genişləndirməklə bölüşmək istədiyin mesajı nisbətən geniş çərçivə daxilində paylaşmaq mümkündür. Təbii ki, bu hər hansısa müstəqil televiziyanın və ya sərbəst yayımlanan müstəqil radionun verə biləcəyi imkanları əvəzləyəcək gücə malik deyil. Məhduddur.

Keçən ilin iyul ayında Azərbaycanda iki gənc bloqçu (Emin Milli və Adnan Hacızadə) həbs edildi. Bu normal halda medianın diqqət mərkəzində ola biləcək bir hadisə idi.

Gənclər arasında müəyyən qədər tanınmış, yetərincə aktiv ictimai fəaliyyətlə məşğul olan Emin və Adnanın döyüldükdən sonra xuliqanlıqda ittiham edilərək həbs olunması bəlkə də gözləndiyindən daha çox beynəlxalq reaksiyaya səbəb oldu.

Az qala dünyanın bütün ölkələrinin (Məsələn Avstraliya və ya Finlandiya) mətbuatı baş vermiş hadisəni işıqlandırdı. Lakin təsəvvür edin, internetə çıxışı olmayan yüz minlərlə Azərbaycan vətəndaşının baş verənlərdən xəbəri belə olmadı və bu hal davam etməkdədir.

Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin ümumiyyətlə hadisə haqqında heç bir məlumatı yoxdur.

Çünki, çox az sayda internet qəzeti və ya nəşri istisna olmaqla Azərbaycan mətbuatı hadisəni işıqlandırmadı. Bloqçulardan birini hətta valideynlərim belə tanıyırdı və mən baş vermiş hadisə ilə bağlı qəsdən onlara heç nə deməmişdim. Onlar yalnız həbsdən 3 ay keçəndən sonra bunu sadəcə dildən eşidib təəsüflənmişdilər.

Əsasən gənclərin istifadə etdiyi və təbii ki, müəyyən məhdud əhatəsi olan Facebook bu halda informasiya boşluğunu doldurmaq üçün baş verənlərdən narahat olanlar və ümumiyyətlə fikrini bildirmək istəyənlərə alternativ imkan verdi.

Məhz hadisənin başlanma nöqtəsindən təəcüblü məhkəmə proseslərinə qədər, beynəlxalq təşkilatların reaksiyasından tutmuş Azərbaycandakı fərqli münasibətlərə qədər, əcnəbi medianın hadisəni işıqlandırması da facebookda paylaşılır və müzakirə edilir.

Xüsusilə gənc bloqçuların həbs edildiyi ilk günlər və ilkin məhkəmə prosesləri zamanı facebook sanki baş verənlərdən xəbər tutmaq üçün və məlumatları paylaşmaq, müzakirələr açmaq üçün yeganə “mətbuat” orqanına çevrilmişdi.

Bütün bunların daha bir maraqlı tərəfi isə odur ki, Facebook üzərindən həyata keçirilən bu kampaniya yüzlərlə gəncin arasında şəxsi münasibətlərin yaranmasına səbəb oldu. Şəxsən mən üzünü belə görmədiyim, daha öncə heç vaxt canlı görüşüb söhbət etmədiyim insanlarla səmimi münasibət qura bildim. Bu həqiqətən də heyrətamizdir.

Bu hadisə və Facebookun vasitəçiliyi nəyinki sırf azərbaycanlılar, hətta qonşu və kənar ölkələrdən olan şəxslərlə fikir mübadiləsinə və nəticədə şəxsi münasibətlərin yaranmasına qədər gətirib çıxardı.

26 mart, London


3. Şəxsi münasibətlər korlana da bilər

Diqqətimi çəkən belə bir status var idi: “Səhərə kimi Facebookda oturub, sonra günortaya kimi yatanların həyat produktivliyi nə qədər olar əcəba?”. Bəli, bəzən saatın fərqinə varmadan vaxtını facebookda keçirirsən.

Əgər o sənin üçün faydalıdırsa və ya səni əyləndirirsə. Bəlkə də buna aludəçilik demək olar. İnternetə çıxışın olmayanda belə telefon vasitəsilə hesabına daxil olub status dəyişiklərini gözdən keçirirsən. İnformasiyanın paylaşıldığı məkan olmaqla bərabər facebook dostlarının münasibət dəyişikliklərini, partilərdən çəkilmiş foto şəkilləri izləmək, onlara şərh yazmaq üçün də maraqlı ola bilir.

Qərar verə bilmədiyin məsэlədə belə dostlarından məsləhətlər alırsan. Öyrənmək istədiyin məsələ ilə bağlı yenilədiyin statusun cavablandırılır. Bu mənim də işimə yarayıb bir dəfə. Bakıda internet üzərindən sifariş verə biləcəyim dükan tapa bilmədiyim halda yardım istəmişdim və yararlanmışdım.

Bütün bu vasitələrdən yaranan şəxsi münasibətlərin bir də əks tərəfi var. Yəni Аacebook daha öncə şəxsən tanıdığın birisilə münasibətlərinin korlandığı məkan da ola bilir.

Məsələn Facebookdakı dostlarımdan biri daha öncədən tanıdığı birinin profilində “prezidentin Dubay villaları” ilə bağlı yerləşdirdiyi şərhinin cavablandırılmadan silinməsindən və daha sonra dostlar siyahasından çıxarılmasından gileylənirdi.

Bu isə əsl müzakirə mövzusuna çevrilmişdi. Bu davranışın etik olmadığını, şərhinin cavablandırılmadan silinməsini özünə qarşı hörmətsizlik hesab edən Facebook dostuma dəstək olanlarla yanaşı, onun bunu müzakirə mövzusuna çevirməsini tənqid edənlər də var idi.

Hətta şərhinin silinməsinin və dostlar cərgəsindən çıxarılmanın bunu edən istifadəçinin haqqı olduğunu və burda heç bir ədalətsizliyin olmadığını iddia edənlər də. Bəzi istifadəçilər isə bu cür məsələlərin şəxsi müstəvidə həllinin daha uyğun olduğunu, bu şəkildə müzakirə mövzusuna çevrilməsinin yalnış olduğunu xüsusilə qeyd edirdilər.

Uzun-uzadı davam edən şərhlər, müzakirələrdə maraqlı bir məqam var idi. Daha öncələr normal şəxsi münasibəti olan dostu tərəfindən Facebookda dostluqdan kənarlaşdırılan istifadəçi dilemma və seçim haqqında yazırdı: “Mənə də ağırdır hansısa şəxsi münasibəti korlamaq, amma ümumi maraqlar naminə bir neçə nəfər hökümətyönümlü şəxslə münasibətlər korlanacaqsa, korlansın - vaxt gələndə başa düşənlərlə münasibət düzələr, başa düşməyənlərlə təktərəfli münasibət heç mənə də lazım deyil”.

27 mart, London

No comments:

Post a Comment