Thursday 4 April 2013

Denikin demarkasiya xətti - arxivdən tapdığım xəritə

Bu günlərdə dünyanın müxtəlif ölkələrindəki arxivlərdə araşdırmalar aparılaraq Azərbaycanın tarixi xəritələrinin aşkarlanıb kitab dərc ediləcəyi barədə xəbər oxudum. Bir neçə il bundan əvvəl mən də Britaniya arxivlərində araşdırmalar edərkən maraqlı bir xəritə tapmışdım. Xəritədə İnqilabdan sonra Bolşevik hakimiyyətinə qarşı vuruşmuş Könüllü Ordunun komandanı, General Anton Denikinin çəkdiyi demarkasiya xətti göstərilir. Xəritə 1919-cu ildə hazırlanıb.
Charlotte Hille-in "State Building and Conflict Resolution in the Caucasus" kitabında yazılır ki, 1919-cu ilin may ayında Könüllü Ordu Qızılburun, Zaqatalaya qədər ərazini işğal etdi. Nəticədə Dağıstan ərazisi Petrovsk (Maxaçqala) və Dərbənd limanları da daxil olmaqla işğal edildi. Azərbaycanın baş naziri Usubbəyova məktub göndərilərək bildirildi ki, Könüllü Ordunun Azərbaycanı işğal etmək niyyəti yoxdur. Lakin, Azərbaycan tərəfi məktubu ciddi qəbul etmədi. Demarkasiya xətti artıq iki dəfə Könüllü Ordu tərəfindən pozulmuşdu.
Könüllü Ordu irəliləməkdə davam etdiyi üçün Azərbaycan hökuməti General Thomsona etiraz məktubu göndərərək Dağlılara kömək etmənin zəruriliyini vurğulayır...
Vikipediada Denikin haqda dərc edilmiş məqalə də isə qeyd olunur: "Denikin qoşunları 1919 ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. "Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919 il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı. Azərbaycan Xalq Cümhuriyyəti Dağıstan xalqlarının Denikinə qarşı mübarizəsini dəstəkləmişdi."

No comments:

Post a Comment