Tuesday, 14 September 2010
Azərbaycanın müstəqilliyinə "hə" ya "yox" demək üçün dəvətnamə
1991-ci il dekabr ayının 29-da keçirilmiş Azərbaycan Respublikasının müstəqilliyinə dair ümumxalq səsverməsində - referendumda iştirak üçün dəvətnamə.
Qeyd edək ki, referendumda 3 milyon 751 min 174 nəfər və ya seçici siyahılarına daxil edilmiş
vətəndaşların 95,27 faizi iştirak edib.
Səs verənlərin 99,58 faizi sualın lehinə, 0,2 faizi isə əleyhinə səs verib.
Saturday, 4 September 2010
"Cavanşir Qalası dövlət tərəfindən qorunur"?
Bu gün İsmayıllıda yerləşən və 7-ci əsrə aid "Cavanşir Qalası"na səyahət elədik. Qafqaz Albaniyasından bizə qalmış azsaylı abidələrdən olan və eyni zamanda onun hökumdarı Cavanşir tərəfində tikildiyi üçün adını daşıyan qalanın durumu olduqca acınacaqlıdır. Dağın zirvəsində yerləşən qalanın yaxınlığında "Cavanşir Qalası dövlət tərəfindən qorunur" yazılmış lövhə olsa da, bu sadəcə oyuncaq sözlər idi. Bu yaxınlarda qalanın yerləşdiyi dağda baş vermiş yanğın nəticəsində həm qalanın ətrafındakı bütün ağac və bitkilər tamamilə məhv olub, həm də onsuz da baxımısız qala çox acınacaqlı vəziyyətə düşüb. Bizim üçün bu qədər önəmli və dəyərli olan bu abidə tamamilə məhv olmaq təhlükəsiyə qarşı-qarşıyadı. Hökumət isə cavabdehliyini vecinə də almadan bunun haqda düşünmək belə istəmir kimi görünür. Çünki o, hesablanmadan və kor təbii hazırlanmış bayraq layihəsinə 30 miliyon manat ayırmaqla qarnını doyurmaq işiylə məşğuldur. Ya da, küllü miqdarda vəsait ayırmaqla salınmış yolları söküb yenidən "təmir" etməklə və ya Heydər Əliyevə heykəllər ucaltmaq və onun adına demək olar qapısı bağlı muzeylər tikməklə. VİDEO
Tuesday, 31 August 2010
İnkişafın görüntüsü
Thursday, 24 June 2010
Müqəddəs Neft
İndi Azərbaycanda güc sahibləri üçün neft müqəddəsdir. Şüphəsiz. Ona qarşı ədəbsizlik "günah"dır. Gənc fəal Rəşadət Axundov neftə qarşı söyüş işlədib "günah"a batmışdır. Onun ingiliscə ifadə etdiyi söyüşün azərbaycan dilinə tərcüməsi təxminən belədi: "Soxum sizin neftə". Buna görə indi həbsxanadadır.
Düzünü desəm bu dəqiqə içimdən neftə qarşı ən ədəbsiz fikirlər keçir.
Wednesday, 9 June 2010
Qalibiyyət üzüntüsü
Friday, 28 May 2010
Ondan başqa kişi yoxdur
Görəsən AzTV Azərbaycan vətəndaşlarından müsahibə aldığında, müsahibə öncəsi izahat (müsahibə zamanı nələri demək lazım olduğunu izah) verərkən neçə nəfər ... deməyi bacarar?
AzTV- nin daha bir analoqu olmayan müsahiblərindən biri isə ona məxsus ticarət obyektinin sökülməsi zamanı "Obyektim Avropa standartlarına uyğun gəlmədiyinə görə özüm sökülməsini istəmişdim" deməyi bacarmışdı.
Cızma-qaradakı personajın üzündəki ifadəni izah etməyə çətinlik çəkirəm.
Thursday, 13 May 2010
sEL
Saturday, 10 April 2010
Dişlək
Bizim dilimizə təxminən belə tərcümə olunur: "İnsanı vampir dişləsə, o da vamir olacaq. Belə təəssürat yaranır ki, ətrafdakılardan bəzilərini qoyun dişləyib..."
Friday, 9 April 2010
Get yat, vaxt tez keçsin
Doğru məsləhətdi. Vaxtın tez keçməsi üçün çarə axtarmaq lazımdı. Yatmaq və ya Ümummilli, mənəvi "dəyərlərimiz"ə hörmət etmək, öyünmək lazımdır. Yaşamaq istəyənlərçün çətindir yerin üstündəki ölülərlə bir yerdə olmaq.
Tuesday, 6 April 2010
Qutuda siçan var
Hər seçkidən seçkiyə istifadə edilən şəffaf qutular maraqlıdır. "Şəffaf". Mənə elə gəlir ki, şəffaf adlandırılan bu seçki qutularının içində şəffaf siçanlar yaşayır. Qutlara atılan seçki bülletenləri onlarındır. Biz sadəcə həmin vərəqlərin üzərində istədiyimiz damanı işarələyib şəffaf qutuya atırıq. Qalanı bizlik deyil. Onlarlıqdır. Şəffaf olduğundan biz onları görmürük. Nə baş verdiyini də müşahidə edə bilmirik. Ona görə sonuclar tərsəməstəb görünür.
Qarşıdan yenə də seçkilər gəlir və yenə də şəffaf qutulardan istifadə ediləcək. (?)
Friday, 2 April 2010
Yeni Yol Nişanı
Sürücülərin (müştərilərin) rahatlığının təmini, polislərin də fəaliyyətini daha effektli etmək üçün bunu qısa bir zamanda tətbiq etmək lazımdır. Bu, dünyada analoqu olmayan bir yol nişanı olacaq.
Bilirsiz, mən maşın sürməyi sevmirəm. Həmişə fikirləşmişəm ki, Azərbaycanda avtomobillə uzaq məsafəyə çıxası olsam yolda polislə (DYP əməkdaşı) rastlaşacam, o da övladlarını saxlamaq üçün məndən "cərimə" (dövlətçiliyimizin və sabitliyimizin düşmənləri bunu rüşvət adlandırır) tələb edəcək, bəzən bunu birbaşa deməyə çəkinəcək, dolayısı yollarla izah etməyə çalışacaq, mən də həmişə pul verərkən və alarkən utanan biriyəm, əziyyət çəkəcəm. Lakin bu cür yol nişanları tətbiq edilməyə başlansa bütün sürücülər üçün rahat olar və mən də maşın sürməyə qərar vermiş olaram. Sürücülər məsafədən bu nişanı görüb həm psixoloji, həm də maddi cəhətdən özlərini hazırlayarlar. Həm vaxta qənaət edilmiş olar, həm də narazıçılıq aradan qalxar. Ümid edirəm Azərbaycana növbəti gəlişim zamanı yollarımızda bu nişanı görmüş olacam. Yaşasın sabitliyimiz.
Saturday, 27 March 2010
Sabitlik
Təsəvvür edin yaşadığın ölkədə çox ciddi hadisələr baş verir, lakin TV də sənə turşumuş nağıllar danışırlar, iyrənc təriflər. Vətəndaşın yaşadığı öıkədə baş verən mühüm hadisələrdən xəbərdar olmaq haqqı var. Bir ölkənin ki milli televiziya kanallarının əsas xəbər buraxılışında gələn ilk xəbər əyalətdə olimpiya mərkəzinin açılışı, hansısa kənddə məktəb binasının təmiri və ya izləyici üçün olduqca əhəmiyyətsiz rəsmi görüşlərdirsə, onda "səhərə kimi facebookda oturub, sonra günortaya kimi yatmaq" daha düzgün seçimdir.
Nə yaxşı ki xaric və onun televiziya kanalları var. 2000-ci ildə Bakıda baş vermiş zəlzələ haqqında ilk dəfə xarici telekanallar xəbər vermişdi. Və ya mərhum prezident Heydər Əliyevin ölüm xəbərini yenə də ilk dəfə xarici telekanallardan eşitdik. İki gənc fəal və bloqçu biyabırçı şəkildə şərlənərək həbs edildi (döyülərək), bu hadisə çox ciddi reaksiyaya səbəb oldu, az qala dünyanın bütün ölkələrinin mətbuatında işıqlandırıldı, internetə çıxışı olmayan vətəndaşın hələ də bundan xəbəri yoxdur. Sabah Azərbaycan Xəzər dənizinin altında qalmaq təhlükəsilə üzləşsə, yenə də vətəndaşların bundan xəbəri olmayacaq. Cünki sabitlik...
Məncə danışmağa əngəl olmaq üçün uzanan bu əllər sabitliyin əlləridir
Saturday, 20 March 2010
Bizə nə elədisə matəm elədi
Elnur hal-hazırda kənddə yaşayır və əyalət üçün yeganə və prestijli iş sayılan ticarətlə məşğuldur. Onun mənə yazdığı məktubu olduğu kimi burda yerləşdirirəm:
"Salam qardaş. Səni və sənin sevdiklərini Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.
Kənddə nisbi sakitlikdir. Nə vaxt gəlirsən? Inşallah! Havalar isinən kimi kənddə aktivləşmə artır. Hamı evlənməyə can atır. Bu bizim yeganə amalımızdı. Toy, toy, qoy həmişə toy olsun! Toy bizim istrahətimizdi, biznesimizdi, həyatda nə qazanmışıq-hesabatıdır. Bizə dünyadakı iqtisadi böhran heç nə etməzdi, Matəm elədi, toy olmadı: paltar alan yox, ev remont edən yox, xostavardan qab- qacaq alan yox, mebel dükanları alver istəyir, şadlıq evlərində konfranslar keçrilir "qidslə mübarizə-subaylığa son", hamı ağlayır. Daha göy satan da toy olmayanda ac qalır. Odur ki, qoy həmişə toy olsun. Qarnımız tox, cibimiz dolu, başımız boş olmağından zərər yoxdur, amma həmişə dik olsun! Həm də toy olsun. Burda hamı bu əhval-ruhiyyə ilə yaşayır. /Kənd Ənbis Xəbərləri/
Özündən muğayət ol. Hələlik."
Wednesday, 17 March 2010
Road to Uniqueness
Təklif edirəm "Family Guy"a baxın. Çox maraqlı filmdir. Filmin qəhrəmanları olan Stewie-nin Brian-a cavabındakı kriterialar mənə çox doğma gəlir.
Monday, 15 March 2010
Zorlanmış kitablar
Bizim insan günəbaxan tumunu (semeçka) çox sevir. Hətta mən azərbaycanlılar deyərkən ilk ağlıma gələn insanların "semeçka çırtlaması"dır. Bu Ümummilli ritualdır. Kiçik yaşlarımdan xatırlayıram, kəndimizdə məşhur Qələm xala var idi. Adlar doğrudan da insanların kimliyi deyil. Onun semeçkaları ən dadlı hesab olunurdu. Hər kəs ondan almağa çalışırdı. Məni də evdən göndərirdilər, hərdən gedirdim kəndin mərkəzinə və Qələm xala yanına düzdüyü kitablardan (kitabların adını xatırlamıram) yırtdığı vərəqlərə bükdüyü tumları bir-bir satırdı. Hər gün sayını bilmədiyimiz qədər kitab vərəqləri yırtılaraq semeçka bükmək üçün istifadə edilirdi (edilir). Mənə elə gəlir ki, dünyanın heç bir yerində kitablarla bu cür rəftar edilmir. Olsa-olsa qardaş Türkmənistanda olar.
Tüpürüm belə yaşayışa!
Tüpürüm belə yaşayışa!
Azadlıq qoxusu və palçıqlı yol
Kəndə gedən yol isə Cambridge-in mərkəzindən keçmişdi. Bu yolu heç vaxt unutmayacam. Burnumda Azadlığın qoxusu hələ də qalır. Kiçik şəhərin mərkəzində ən azı üç qrup etiraz aksiyası keçirirdi və bu qətiyyən insanların istirahətinə və hərəkətinə mane olmurdu. Tələbələr, turistlər, kilsələr, insanlarla dolu kitab dükanları, şəffaf hovuz, velospetli sakinlər... Londondan fərqli olaraq burda velosipetləri saxladıqları yerdə demək olar ki heç kim kilidləmir.
Sunday, 14 March 2010
Sevimli Uzunqulaq
Biz uzunqulaqları sevirik, hər nə olursa olsun. Bizi döysələr, hətta həbs etsələr belə uzunqulaqlar bizim sevimlimizdir. Bu səbəbdəndir ki, hətta Esel Heinz Almaniyanı tərk edərək bizə sarı gəlmişdir. Bəzən isə elə olr ki, bu sevgi qarşılıqlı olmur. Bu çox üzücüdür. Necə ki gördüyünüz Uzunqulaq bizə nifrət etdiyini dilə gətirir. Sarsıdıcıdır deyilmi?
Saturday, 13 March 2010
"Поезд в огне"
Bunu çəkib bitirəndən sonra bir xeyli baxıb düşündüm və hey ağlıma Emin və Adnan gəldi. Sizi sevirik dostlar! Karikaturanı boş verin. Аквариум- un "Поезд в огне" haqqında oxuması daha seksualdı məncə...
Quyruq vs kapital
İnsan kapitalı mənim aləmimdə ən gərəkli ehtiyacdır. Yəni bir cəmiyyət güclü və keyfiyyətli insan kapitalından ibarət olarsa aliləşər. Belə bir kapitalı təşkil edəcək fərdlərin yandırıldığı yerdə söz bitir. Beyin ixracəndan səmimiyyətlə narahat olanlar var məncə.
Friday, 12 March 2010
Dəyişməzlik
Əşi neynirik ee dəyişib. Heç adam da Ümummilli "dəyərlər"indən imtina edər? Məsələn biz həmişə elə hesab etmişik ki, göydə Allah yerdə rəhbər (şah, xan, çar, sədr, prezident...). Necə ola bilər ki, seçilmiş hakimiyyəti (bu hadisənin özü belə qəbuledilməzdir) xidmətçimiz kimi qəbul edə bilək? Külli günahdır! O, müqəddəsdir. Boynun yerə soxduğum avropalılar elə hesab edir ki, ölkə rəhbəri onun xidmətçisidir, ona xidmət edir və bu onun borcudur. Tam tərsi olmalıdır. Böyük-kiçik olmayan yerdə belə olur.
Nişanın elektron versiyası
Mənim sevgim çox "əxlaqsız" bir şəkildə baş tutub. Bilirəm indi mənə lənət oxuyacasız. Biz internet (facebook) üzərindən tanış olaraq bir-birimizə vurulmuşuq. Ümummilli-mənəvi dəyərlərimizi təhqir etmişik.
Hələ bütün bunlar bir tərəfə, azğınlaşmış mən daha da İrəli getmişəm. Siz heç internet üzərindən nişan eşitmisiz? Bu sualı facebookdakı dostlarıma vermişəm əslində. Ancaq demək olar ki, heç kim məni başa düşməyib. Mənə elə gəlir ki, internet üzərindən nişanlanan ilk adam mənəm (məclisdə canlı iştirak etməkdən yaxa qurtarmışam). Bunu bir dostum "nişanın elektron versiyası" adlandırmışdı.
Hər nəsə, mənim bu "əxlaqsızlığım" yaxınlarım tərəfindən gizlədilir təbii ki. Guya ki, əslində biz "əxlaq" normalarına uyğun bir şəkildə tanış olmuşuq. Tanışlığın, nişanın, toyun və evliliyin Ümummilli versiyasını hamınız bilirsiz təbii ki. Valideynlərin sənə kimisə "məsləhət" görür və sən evləndiyin şəxsi sadəcə toy gecəsi görə bilirsən. Bu ən "pak" və Ümummilli versiyadır. Xəcalət çəkirəm.
YAP
İsmayıllıda, şəhərin mərkəzində bu təsvir edilmiş partiya (hakim partiya) üçün yaraşıqlı bina inşa edilmişdir. Əvvəllər (90-cı illərdə) müxalif fikirdə olan insanların (sapı özümüzdən olan baltalar) qurduğu bəzi partiya və təşkilat ofislərininin yerləşdiyi binada onlara aid lövhələrə də rast gəlmək mümkün idi. İndi əlbəttə ki bu mümkün deyil. Belə bir qənaətə gəlinmişdir ki, xalq onları qəbul etmir, heç bir dəstəkləri yoxdur, ona görə də xalqın gözünə görünməməlidirlər. Yoxsa vətəndaşların və turistlər istirahət hüququ pozular. Azərbaycan dünyada analoqu olmayan ölkə olduğuna görə onun vətəndaşları da sadəcə eyni cür düşünməlidirlər.
Thursday, 11 March 2010
Milli-mənəvi dəyərlərimizin sinonimi
Bu əslində yetərincə tanış mövzudu. Sadəcə mənə elə gəlir ki, nəsə kəşf eləmişəm. Aydındır ki, mentalitət davranışları, yanaşmaları müəyyən edən düşüncə tərzidir. Adət-ənənədən nisbətən fərqli bir şey. Qərbdə mentalitet o qədər də dəbdə olan kəlmə deyil. Məsələn ingilis mentaliteti heç eşitməmişəm. Burda bu əsasən fərdlərə aid edilir. Azərbaycanlıların mentaliteti var amma. Bəzən də bu milli-mənəvi dəyər adlandırılır. Bir onu başa düşə bilmirəm ki, bu "dəyərlər"i kim və ya kimlər müəyyən edir. Elə bil üç-dörd "ağsaqqal" toplaşıb deyir ki, bax məsələn, qadının siqaret çəkməsi bizim mentalitetə ziddir, kişinin sırğa taxması da yolverilməzdir. Bunlara əməl etməyənlər cəmiyyətdən kənarlaşdırılır, müxtəlif adlardan istifadə edilir silah kimi. Ancaq..
Qoy "kəşfim" haqqda yazım. Bu çoxluq kimdi?, mentalitetin müqəddəsliyinə inanan bu çoxluq rüşvət verməyi və almağı sevən insanlar. Yəni, Azərbaycanda rüşvət almasa da rüşvət verməyən adam tapmaq mümkün deyil məncə. Bunun üçün olduqca münbit şərait də var. Bəzən məsələn, həkimə rüşvət verməyəndə "tərbiyəsiz" adlandırıla bilirsən və ya şəxsiyyət vəsiqəsi aldığın zaman rüşvət verməyəndə "demoqoq". Başıma gəlib çünki. Demək ki, azərbaycanlılar rüşvəti sevirlər və kütləvi şəkildə qəbul edirlər. Yəni, bu azərbaycanlıların mentalitetidir!?..